Qızılcaya görə imtahana buraxılmadı
07 may 2023 13:10 (UTC +04:00)

Qızılcaya görə imtahana buraxılmadı

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.

DİM-dən Lent.az-a verilən xəbərə görə, imtahan ümumilikdə 21 şəhər və rayonda, 105 binada təşkil olunub. İmtahanda xüsusi təyinatlı təhsil müəssisələrinin – cəzaçəkmə müəssisələrində yerləşən məktəblərin, internat məktəblərinin şagirdləri də iştirak ediblər.

İmtahanda 21 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, serebral iflic və digər) şagird iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib.

İmtahanın idarə olunması üçün 105 ümumi imtahan rəhbəri, 279 imtahan rəhbəri, 2160 nəzarətçi-müəllim ayrılıb, 317 buraxılış rejimi əməkdaşı (mühafizə), 105 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Bundan əlavə, 1 nəfərdə yoluxucu xəstəlik – qızılca müşahidə olunduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Bu gündən başlayaraq DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan dili imtahanının ikinci cəhdi iyunun 18-də keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat 25 may – 5 iyun tarixlərində olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2025
avatar

Oxşar yazılar