TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına Pərviz Hacıyev rəhbərlik edəcək.
Bu barədə Lent.az-a TƏBİB-dən məlumat verilib.
Tibb müəssisəsinin direktoru vəzifəsini icra edəcək P.Hacıyev ixtisasca uroloqdur və yeni təyinata qədər özəl tibb müəssisələrinin birində həkim-uroloq vəzifəsində çalışıb.
P.Hacıyev 2001-2009-cu illərdə Ankara Universitetinin Tibb fakültəsində bakalavr, 2010-2015-ci illərdə urologiya ixtisası, 2016-2019-cu illər üzrə isə uşaq urologiyası ixtisası üzrə uzmanlıq təhsili alıb.
Bundan əlavə tibb müəssisəsinə direktor müavini – baş həkim təyinatı da baş tutub.
Xəstəxananın direktor müavini - baş həkim vəzifəsinə Elçin Mustafayev təyin olunub.
E.Mustafayev ixtisasca uroloqdur və yeni təyinata qədər eyni tibb müəssisəsinin Endourologiya şöbəsinin müdiri vəzifəsini icra edib.
E.Mustafayev 1994-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində, 2002-2004-cü illərdə Moskva Urologiya Elmi-Tədqiqat Universitetində klinik ordinatura, 2004-2007-ci illərdə isə aspirantura təhsili alıb. O, 2007-ci ildə Moskva Urologiya Elmi-Tədqiqat İnstitutu, 2008-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tibb elmləri namizədi elmi dərəcəsini alıb.
Qeyd edək ki, bu gün Vüqar Qurbanov yeni direktor və baş həkimi kollektivə təqdim edib, müvafiq tapşırıq və tövsiyələrini verib.

***
10:14
Tanınmış həkim işdən çıxıb.
Lent.az xəbər verir ki, tibb üzrə fəlsəfə doktoru Fariz Babayev Respublika Klinik Uroloji Xəstəxanasının direktoru vəzifəsindən azad olunub.
Məlumata görə, Fariz Babayev öz ərizəsi ilə işdən çıxıb.
 
                 
                             
    