Son zamanlar insanlarda allergiyaya bənzər əlamətlər müşahidə olunur. Çoxları bunun səbəbini tozlu havayla əlaqələndirir, bəziləri isə infeksiya olduğunu vurğulayırlar. Sözügedən hal boğazda qaşınma, yanma, udqunmada problemlər, burun axıntısı və gözlərdə quruluqla müşahidə olunur.
Bəs görəsən, bu, mövsümi xəstəlikdir, yoxsa allergik reaksiya?
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionisti Təyyar Eyvazov Lent.az-a açıqlamasında bildirib ki, bu əlamətlər qripdən daha çox mövsümi allergik reaksiyaya, o cümlədən allergik rinit və konyunktivitə uyğun gəlir:

"Boğazda qaşınma və qıcıqlanma, burun axması, gözlərdə qaşınma, qızartı və sulanma kimi əlamətlər tozlu hava və digər mövsümi allergenlərin təsiri ilə müşahidə oluna bilər. Qrip və digər kəskin respirator virus infeksiyaları zamanı isə boğaz ağrısı və burun əlamətləri ilə yanaşı, halsızlıq, əzələ və baş ağrıları, hərarət kimi ümumi əlamətlər daha çox nəzərə çarpır.
Bu səbəbdən, qeyd olunan şikayətlərin tozlu hava və mövsümi allergenlərin təsiri ilə əlaqəli olması daha çox ehtimal edilir.
Bununla belə, simptomların səbəbini dəqiq müəyyən etmək üçün həkim müayinəsi vacibdir. Xüsusilə yüksək hərarət, güclü halsızlıq, əzələ və baş ağrıları kimi əlamətlər yaranarsa, həkimə müraciət etmək tövsiyə olunur".