Dövlət Sosial Müdafiə Fondunda (DSMF) TAİEX proqramı çərçivəsində “Pensiya Təminatı Sisteminin Maliyyə Dayanıqlığının Qiymətləndirilməsi” mövzusunda Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyinin (AFETI) ekspertlərinin iştirakı ilə təqdimat-seminar keçirilib.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, fondun sədr müavini Zakir Babayev bildirib ki, 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb.
Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2015-ci ildə 5,1%-ə çatıb. Z. Babayev vurğulayıb ki, Azərbaycanda vaxtında qəbul edilmiş qərarlar və reallaşdırılmış qabaqlayıcı tədbirlər sayəsində pensiya sisteminin maliyyə dayanıqlığı təmin edilib.
Bununla yanaşı, qlobal çağırışlar və beynəlxalq tendensiyalar pensiya sisteminin maliyyə dayanıqlığının uzunmüddətli dövrdə təmin olunmasını zəruri edir. Bu məqsədlə DSMF-nin qlobal iqtisadi mühitdən yaranan riskləri və daxili inkişaf çağırışlarını qarşılamaq üçün kifayət qədər çevik strategiyaya malik olması əsas hədəfdir. Göstərilənlərlə bağlı sistemin maliyyə modelinin təkmilləşdirilməsi və risklərin çevik idarə olunmasının gücləndirilməsinə xidmət edən müxtəlif ssenarilər üzrə təhlillərin aparılması, simulyasiyaların verilməsi kimi alətlər tətbiq olunur. Səriştəli beynəlxalq ekspertlər cəlb olunmaqla müxtəlif layihələr vasitəsilə fondun bu sahədəki potensialının gücləndirilməsi məqsədilə çoxşaxəli fəaliyyətə start verildiyini diqqətə çatdıran Z. Babayev növbəti belə layihə kimi TAİEX proqramı çərçivəsində Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyi (AFETI) ilə birgə görülən işlər barədə iştirakçıları məlumatlandırıb.
Tədbirdə çıxış edən Fransanın Texniki Peşəkarlıq üzrə Beynəlxalq Agentliyinin (AFETI) nümayəndəsi Andrey Tretyak hazırda qlobal miqyasda pensiya sistemlərinin fəaliyyətində meydana çıxan ciddi çətinliklərdən bəhs edərək bu sahədə mövcud problemlərin həllinə yönələn islahatların beynəlxalq inkişaf istiqamətləri barədə ətraflı məlumat verib. Qlobal çağırışlar fonunda ölkəmizdə bu sahədə mühüm vəzifələrin icrasını hədəfləyən və növbəti mərhələdə pensiya islahatının prioritet istiqamətlərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası”nı yüksək qiymətləndirən ekspert sənədin Azərbaycanın pensiya sisteminin daim yenilənən müasir tələblərə və beynəlxalq inkişaf trendlərinə uyğunlaşdırılması və preventiv islahat tədbirlərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyətini vurğulayıb.
Daha sonra agentliyin digər nümayəndəsi, beynəlxalq ekspert, Fransa Əmanət Pensiya Fondunun sabiq rəhbəri Fransua Durin qlobal iqtisadi proseslər fonunda sığorta-pensiya sistemlərində maliyyə dayanıqlığı mövzusunda təqdimatla çıxış edib. Ekspert öz çıxışında Azərbaycanda sığorta-pensiya sistemində yüksək dayanıqlıq potensialının yaradılması və sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunması üçün reallaşdırılan tədbirlərin mühüm əhəmiyyətindən bəhs edib.