Yeni tədris ilinə az qalmış valideynləri qayğılandıran məsələlərdən biri də məktəbli forması almaqdır.
Burda narahatedici məqamlardan biri də Bakı Tikiş Evinin adından saxta və standartlara cavab verməyən məktəbli formalarının satılmasıdır. Demək olar ki, valideynlər hər il bu problemlə qarşılaşırlar.
Çindən keyfiyyətsiz formalar gətirilir və ucuz qiymətə satılır
Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov Lent.az-a açıqlamasında deyir ki, bu il də “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” əmtəə nişanından istifadə edərək saxta məktəbli formasının istehsalı ilə məşğul olan müəssisələrlə bağlı lazımi qurumlara müraciət olunub: “ Bu il də həmin müəssisələrlə bağlı Daxili İşlər Nazirliyinə, prokurorluq orqanlarına, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, İqtisadiyyat Nazirliyinə rəsmi məktubla müraciət etmişik. Yaxın zamanda reydlər keçiriləcək və nəticələri ictimaiyyətə açıqlanacaq.
E.Əzimov deyib ki, Çində zirzəmilərdə istehsal olunmuş məktəbli formalarını gətirib burda ucuz qiymətə satırlar: Bu, həm ölkə iqtisadiyyatına ziyan vurur, həm də ciddi qanun pozuntusudur. Bu qanunsuzluğun qarşısı mütləq alınmalıdır, çünki “BTE” əmtəə nişanı ilə bağlı müəlliflik hüququ ancaq bizə məxsusdur. Modellər üçün şərtlər planı hazırlamışıq ki, bu da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiq olunub. Heç kimin ixtiyarı yoxdur ki, Çindən məktəbli formasını kilo ilə alıb gətirsin, burda üzərinə “BTE” əmtəə nişanını yapışdırıb bizim məhsulumuz kimi satsın. Bu, həm daxili istehsala ziyandır, həm də fabrikdəki 800 qadın işçinin əməyinə hörmətsizlikdir.
Saxta paltar gətirilib burda satılacaqsa, bizim fabrikin məhsulları satılmayacaq. Bizim məhsul 37 manata satılırsa, onlar həmin formanı 35 manata satırlar. Başa düşməyən alıcı da geyimin keyfiyyətinə fikir vermədən ucuzdur deyə alır. Ancaq valideynlər məktəbli forması alarkən diqqətli olmalıdırlar. Bilmək lazımdır ki, uyğunluq sertifikatı olmayan saxta məktəbli forması uşaqda allergiya, səpki yaradır, əsəb pozuntusu törədir.
Yeni mağazalar açmağa lüzum yoxdur
Satış müdiri qeyd edib ki, hazırda “Bakı Tikiş Evi”nin mərkəzi mağazasından başqa digər mağazalarda durğunluqdur: “Çünki valideynlər əsasən məktəbə az müddət qalanda gəlib məktəbli forması alırlar. Hazırda elə böyük axın yoxdur. Bu il qiymətlərdə 3 manat artım olub. Bu da dolların qiymətində olan dəyişikliklərlə əlaqədardır, çünki aldığımız parçalar, formanın astarı, iynəsi, sapı, eləcə də digər aksessuarları Türkiyədən gətirilir. Mallar da Türkiyədən dollarla satın alınıb gətirildiyi üçün istər-istəməz qiymətdə artım olmalı idi. Əslində artım 40 % gözlənilirdi, amma rəhbərlik bütün daxili imkanları nəzərə alıb cəmisi 7,5% qiymət artımı etdi.
E. Əzimov bildirib ki, fabrikin mövcud mağazaları əhalinin bütün tələbatını ödəyir və yeni mağazaların açılmasına lüzum yoxdur: “Mərdəkanda, Buzovnada, Sumqayıtda. Xırdalanda, Qaradağın Yeni sahil qəsəbəsində və digər 9 fərqli məkanda mağazalarımız var. Amma insanlar həmin mağazalara müraciət etmirlər və daha çox fabrikin özündə yerləşən mərkəzi mağazaya gəlirlər. Düşünürlər ki, mərkəzi mağazada daha keyfiyyətli məhsul satılır, halbuki digər mağazalardan heç bir fərq yoxdur. Nə qiymət baxımından, nə də keyfiyyət.
Ümumiyyətlə, valideynlər məktəbi forması ilə bağlı nəsə məlumat əldə etmək istəsələr “Bakı Tikiş Evi”nin qaynar xətti: (012) 597-45-39 nömrəsi ilə əlaqə saxlaya bilərlər”.
Ötən il saxta məktəbli geyimləri ilə bağlı iki 2 təsərrüfat subyekti cəzalandırılıb
İqtisadiyyat Nazirliyindən Lent.az-a verilən məlumatda deyilir ki, 2016-cı ildə İqtisadiyyat Nazirliyinə məktəbli geyimləri ilə bağlı hər hansı şikayət daxil olmayıb.
Ümumiyyətlə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən mütəmadi olaraq istehlak bazarına nəzarət olunur. Əgər məktəbli geyimləri ilə bağlı konkret müraciət olarsa, müvafiq tədbirlər görüləcək.
2015-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məktəbli geyimləri ilə bağlı daxil olmuş müraciət əsasında 2 təsərrüfat subyekti barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Satışda mənşəyi bilinməyən məktəbli formaları mövcuddur
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən isə Lent.az-a bildirilib ki, bu il saxta və keyfiyyətsiz məktəbli geyimləri ilə bağlı komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarətinə daxil olan müraciət araşdırılıb.
Müəyyən olunub ki, bir neçə ünvanda mənşəyi bilinməyən, "Bakı Tikiş Evi" ASC-yə məxsus əmtəə nişanı olan "BTE" adı ilə satışda məktəbli formaları mövcuddur. Sədərək və Binə ticarət mərkəzlərindən həmin formalardan nümunələr götürülüb və AzTEST-in laboratoriyasına təqdim edilib.
“Binə” ticarət mərkəzindən alınmış mənşəyi məlum olmayan qızlar üçün məktəbli formalarının üzlük və içlik parçalarının tərkibindəki kimyəvi liflərin (sintetkanın) miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb. Belə ki, normativ sənədlərə əsasən, içlik parçanın tərkibində kimyəvi liflərin (sintetkanın) miqdarının 50%-dən və üzlük parçanın tərkibində kimyəvi liflərin (sintetkanın) miqdarının 67%-dən çox olmamasının nəzərdə tutulmasına baxmayaraq, sınaqların nəticələrinə görə kimyəvi liflərin (sintetkanın) miqdarı müvafiq olaraq 98,9 % və 93,7 % olub.
Yoxlama zamanı, “Sədərək” ticarət mərkəzlindən alınmış mənşəyi məlum olmayan oğlanlar üçün məktəbli formalarının üzlük parçasının tərkibindəki kimyəvi liflərin (sintetkanın) miqdarı normativ sənədlərin tələblərinə uyğun olub. Lakin məktəbli geyimlərinin hazırlanmasında istifadə edilən içlik parçanın tərkibindəki kimyəvi liflərin (sintetkanın) miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb. Belə ki, normativ sənədlərə əsasən içlik parçanın tərkibində kimyəvi liflərin (sintetkanın) miqdarının 50%-dən çox olmamasının nəzərdə tutulmasına baxmayaraq, sınaqların nəticələrinə görə kimyəvi liflərin (sintetkanın) miqdarı 98,6 % olub.
Komitədən bildirilib ki, hazırda həm Bakıda, həm də regionlarda saxta məktəbli formaları ilə bağlı araşdırma davam edir.
Komitə valideynlərə tövsiyə edir ki, saxta, keyfiyyətsiz, mənşəyi bilinməyən formaları deyil, keyfiyyəti müvafiq orqanların verdiyi uyğunluq sertifikatı ilə təmin edilmiş məktəbli geyimlərini alsınlar: "Keyfiyyətsiz geyimi 5-10 manat ucuz alsalar da, nəticədə il ərzində günə, suya, yağışa davamsız olan, rəngi pozulan, bir dəfə yuyulduqdan sonra xarab olan, həmçinin tikişləri sökülən formaları tez-tez dəyişməli olacaqlar. Bu isə həm maddi itkidir, həm də azyaşlıların sağlamlığına təsir edə bilər".