İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Ahmet Acarın dəvəti ilə “Türk universitetləri Avropa tədqiqat məkanında” mövzusunda keçirilən konfransda iştirak edib.
UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Orta Doğu Texniki Universiteti, Boğaziçi Universiteti, Bilkent Universiteti, İstanbul Texniki Universiteti, Koç Universiteti, Sabancı Universiteti, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və Avropa Komissiyasının təşkilatçılığı ilə keçirilən konfransda Avropa tədqiqat məkanının prioritetləri və istiqamətləri mövzusunda müzakirələr aparılıb.
Tədbirdə Avropa Komissiyasının “Horizon 2020” elmi-tədqiqat və texnoloji inkişaf 8-ci çərçivə proqramı ətrafında məruzələr dinlənilib.
Tədbirdə rektor Ə.Muradov Boğaziçi Universitetinin rektoru, professor Gülay Barbarosoğlu, Sabancı Universitetinin rektoru, professor Nihat Berker, Koç Universitetinin rektoru, professor Umran İnan, Orta Doğu Texniki Universitetinin rektoru, professor Ahmet Acar, Bilkent Universitetinin rektoru, professor Abdullah Atalar, İstanbul Texniki Universitetin rektoru, professor Mehmet Karaca ilə görüşüb.
Rektor Ə. Muradov Türkiyəyə səfəri zamanı Orta Doğu Texniki Universitetinin Texnoparkını da ziyarət edib.
Tədbir çərçivəsində Kembric Universitetinin İnsan Resursları Departamentinin direktoru, xanım Şeyla Qupta ilə görüşdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.