Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor Babək Mürsəl oğlu Ələkbərova "general-leytenant" ali hərbi rütbəsi verilib.
Lent.az Babək Ələkbərovun qısa bioqrafiyasını təqdim edir:
Babək Ələkbərov harada anadan olub?
Babək Mürsəl oğlu Ələkbərov 24 dekabr 1987-ci ildə Abşeron rayonunda anadan olub.
Babək Ələkbərov kimdir?
Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin komandanı (2023-cü ildən), Vətən Müharibəsi Qəhrəmanıdır.
Babək Ələkbərov əslən haralıdır?
Əslən Qərbi Azərbaycandandır.
Babək Ələkbərov haradatəhsil alıb?
Babək Ələkbərov 2003-2006-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2006-2010-cu illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasının Sərhəd qoşunları fakültəsində ali hərbi təhsil alaraq oradan "leytenant" rütbəsində məzun olub.
Babək Ələkbərov harada xidmətə başlayıb?
Məzun olduqdan sonra Sərhəd Qoşunlarının Çevik Hərəkət Qüvvələrində xidmətə başlayıb.
Babək Ələkbərovun hansı təltifləri var?
2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamına əsasən Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə "İgidliyə görə" medalı ilə təltif edilib.
27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır.
Arazboyu əməliyyatlarda böyük şücaət göstərib, Zəngilan rayonu və Xudafərin körpüsünün azad edilməsini Ali Baş Komandana məruzə edib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidlik və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Babək Ələkbərova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Babək Ələkbərov nə zaman general rütbəsi alıb?
Babək Ələkbərov Azərbaycanın tarixində ən gənc yaşında general rütbəsi alan hərbi qulluqçudur.
Vətən Müharibəsi Qəhrəmanı Babək Ələkbərova 2023-cü ildə, 35 yaşında “general-mayor” ali hərbi rütbəsi verilib.
Babək Ələkbərovun ailə vəziyyəti necədir?
Babək Ələkbərov ailəlidir, 3 övladı var.