Xalq şairi Musa Yaqub
07 may 2026 20:15 (UTC +04:00)

Xalq şairi Musa Yaqub

Musa Yaqub kimdir? - Əsl adı "Müsavat" olan, repressiyaya görə adı dəyişdirilən Xalq şairi

0

Bu gün Xalq şairi Musa Yaqubun anım gündür.

Lent.az “Bioqrafiya” rubrikasında şair haqqında məlumat verir.

- Musa Yaqub nə vaxt və harada anadan olub?

Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində doğulub.

- Şairin əsl adı nə olub və niyə sonradan dəyişib?

Atası ona Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Müsavat adını qoyub. Lakin repressiya dövrünün qorxusundan adın sonundakı "vat" hissəsini atıblar və adı Musa qalıb.

- Musa Yaqub hansı təhsili alıb?

Musa Yaqub Göyçay Pedaqoji Məktəbini bitirib. Daha sonra 1967-1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində qiyabi təhsil alıb.

- Musa Yaqub əmək fəaliyyətinə harada başlayıb?

Musa Yaqub əvvəlcə İsmayıllı rayonunun Tircan və Buynuz kəndlərində müəllim və məktəb direktoru işləyib. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında çalışıb, "Azərbaycan" jurnalında poeziya şöbəsinə rəhbərlik edib.

- Musa Yaqubun ən məşhur şeiri hansıdır və yaranma tarixçəsi nə ilə bağlıdır?

Musa Yaqubun məşhur əsəri “Bu dünyanın qara daşı göyərməz” şeiridir. Şair bu şeiri Əhmədlidə yaşayarkən yaxınlıqdakı əhəng daşlarının sobada yanarkən çıxardığı səslərdən, onların "əziyyətindən" təsirlənərək yazıb.

- Musa Yaqub yaradıcılıqda daha çox hansı mövzu ilə tanınıb?

Musa Yaqub Azərbaycan ədəbiyyatına təbiət şairi kimi həkk olunub. Meşələri, ağacları və kənd həyatını böyük sevgi ilə vəsf edib. Özü də etiraf edib ki, heç vaxt otaqda şeir yazmayıb, bütün əsərləri təbiətin qoynunda doğulub.

- Şairin siyasi fəaliyyəti olubmu?

Bəli, o, 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Həmçinin İsmayıllı rayonunda çıxan "Zəhmətkeş" qəzetinin redaktoru vəzifəsində çalışıb.

- Musa Yaqubun parlament haqqında yazdığı o məşhur şeir hansıdır?

Deputat olduğu dövrdə oradakı mühitə öyrəşə bilmədiyi üçün bu misraları yazıb:

"Mən hara, bu yığnaq hara,
Kim gətirdi bura məni?
O zorbala, bu ərköyün,
Salacaqlar tora məni".

- Musa Yaqub "Xalq şairi" adını nə vaxt alıb?

Musa Yaqub bu fəxri ada ömrünün sonunda — 2019-cu il mayın 24-də layiq görülüb. Şan-şöhrətə həvəsi olmayıb, deyib ki, "ad almaq paydır, pay üçün yalvarar heç adam?".

- Niyə onun saçları ömrünün sonunadək ağarmayıb?

Musa Yaqub bunu belə izah edib: "Çoxları yazanda başı ilə düşünür, mən isə ürəyimlə. Saçım ona görə ağarmayıb".

Unudulan deputatlar: Musa Yaqubun şairlikdən Milli Məclisə gedən YOLU -  FOTOLAR | Modern.az

- Musa Yaqub hansı xəstəlikdən əziyyət çəkib?

Musa Yaqub ömrünün son illərində dostu Məmməd Araz kimi parkinson xəstəliyi ilə mübarizə aparıb.

- Şairin ən qalın kitabı haqqında nə məlumdur?

Musa Yaqub ən qalın şeir kitabına sahib olan şairlərdən biri hesab olunur. Onun kitablarından birinin həcmi min səhifədən çoxdur.

- Vaqif Səmədoğlu onun haqqında nə deyib?

Şairin 70 illik yubileyində Vaqif Səmədoğlu böyük bir etiraf edib: “Musa Yaqubun yanında mənə xalq şairi deyəndə xəcalət çəkirəm. Çünki əsl xalq şairi Musa Yaqubdur”.

- İçki içməyə neçə yaşından və niyə başlayıb?

Şair 10 yaşından içdiyini deyib. Bunun qəribə bir səbəbi olub: uşaq vaxtı malyariya xəstəliyinə tutulub, yüksək qızdırması olduğu üçün anasına "araq içirtsən qızdırması düşər" deyiblər. O vaxtdan bu vərdişi yaranıb.

- Doğulduğu Buynuz kəndi xalq arasında necə tanınır?

Şair öz kəndini o qədər çox sevib və vəsf edib ki, çox vaxt insanlar ora sadəcə Buynuz kəndi yox, "Musa Yaqubun kəndi" deyirlər.

- Musa Yaqubun son vəsiyyəti nə olub?

O, hər zaman sadəliyi sevib. Vəsiyyətinə uyğun olaraq, dəbdəbəli panteonlarda deyil, doğulduğu kənddə, valideynlərinin və həyat yoldaşının yanında torpağa tapşırılıb. Hazırda onun nəslini qızları Səhər, Yaqut və oğlu Şəhriyar davam etdirir.

- Musa Yaqubun şeir yazmağa başlamasına nə səbəb olub?

Məktəb illərində Sabir adlı sinif yoldaşı Stalinə şeir yazıb. Musa Yaqub sinfin əlaçısı olduğu üçün düşünüb ki, "əgər əlaçıyamsa, mən də şeir yazmalıyam". Elə o gündən qələmə sarılıb və ilk şeirlərini yazmağa başlayıb.

- Musa Yaqub içkiyə ara verdiyi bir ay ərzində hansı qənaətə gəlib?

Həkimlərin məsləhəti ilə bir ay içki içməyən Musa Yaqub məclislərdə kənardan insanları müşahidə edib. Görüb ki, içənlər hamısı bir-birini təkrar edir. O zaman öz-özünə deyib: "İlahi, gör illərlə içəndə ayıq adamlara nə qədər zülm eləmişəm".

- Musa Yaqub niyə özünü "çəlik"lə mükafatlandırılmış hesab edirdi?

Musa Yaquba ağaclara olan sonsuz sevgisi barədə sual veriləndə o, maraqlı bir cavab verib: "Ağaclara olan sevgimə görə bəlkə Allah mənə əlimdəki bu çəliyi (əsanı) mükafat verdi". O, ağacı hətta əsa formasında belə özünə doğma bilib.

- Musa Yaqubun Xalq şairi Vaqif Səmədoğlu ilə dostluğu necə idi?

Onların arasında böyük qarşılıqlı hörmət olub. Vaqif Səmədoğlu Musa Yaqubun sadəliyini və xalq tərəfindən sevilməsini o qədər yüksək qiymətləndirib ki, onun yanında "Xalq şairi" adını daşımaqdan utandığını etiraf edib.

- Həyat yoldaşı Zöhrə xanımın vəfatından sonra hansı peşmanlığı yaşayıb?

Şair həmişə deyirdi ki, yoldaşına şeir yazmayıb. Amma Zöhrə xanım dünyasını dəyişəndən sonra o, böyük bir boşluğa düşüb və etiraf edib: "Qadınsız yaşamaq, ürəyinin dərdini həyat yoldaşı ilə bölüşə bilməmək əzabdır. O gedəndən sonra hiss etdim ki, əslində mən ona çox şeirlər yazmışam, sadəcə ünvanını deməmişəm".

- Musa Yaqub nə vaxt vəfat edib və harada dəfn olunub?

undefined

Musa Yaqub 2021-ci il mayın 7-də, 84 yaşında vəfat edib. Vəsiyyətinə uyğun olaraq, doğma kəndi Buynuzda, valideynlərinin və çox sevdiyi həyat yoldaşı Zöhrə xanımın məzarı yanında dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar