Süni intellekt yeniyetməni  öldürməyə   cəhd etdi -  TƏFƏRRÜAT
21 oktyabr 2026 19:07 (UTC +04:00)

Süni intellekt yeniyetməni öldürməyə cəhd etdi - TƏFƏRRÜAT

0

Kanadada 16 yaşlı yeniyetmə süni intellektin hazırladığı marşrutla hərəkət edərkən təhlükəli vəziyyətə düşüb. Təhlükəsiz cığırdan uzaqlaşan gənci xilasedicilər xilas ediblər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Britaniya Kolumbiyası əyalətindəki Kraun dağında baş verib.

Kanat yolu ilə 1200 metr yüksəkliyə qalxan yeniyetmə geri piyada enmək qərarına gəlib. Marşrutu müəyyənləşdirmək üçün isə “Claude” çat-botuna müraciət edib.

Lakin süni intellektin göstərdiyi yol onu təhlükəsiz cığırdan uzaqlaşdıraraq sıldırım uçuruma aparıb. Yeniyetmə “Dul qoyan” adı ilə tanınan qayanın ətəyində köməksiz qalıb. Burada ehtiyatsız hərəkət onun yıxılmasına və ağır xəsarət almasına səbəb ola bilərdi.

Xilasedicilər yeniyetməyə iplə eniblər

Yeniyetmə vaxtında yardım çağıra bilib. Hadisə yerinə xilasedicilər göndərilib.

Əməliyyatın rəhbəri bildirib ki, həmin hündürlükdən yıxılacağı halda yeniyetmənin sağ qalmaq şansı olmayacaqdı. Ərazinin mürəkkəb relyefi səbəbindən helikopter hadisə yerinə yaxınlaşa bilməyib.

Xilasedicilər təhlükəsizlik iplərindən istifadə edərək yeniyetmənin olduğu yerə eniblər. Riskləri qiymətləndirdikdən və əlavə bərkitmə nöqtələri yaratdıqdan sonra onu təhlükəli ərazidən çıxarıblar.

Çat-botların göstərdiyi marşrutlara kor-koranə etibar etməyin

Hadisədən sonra xilasedicilər təbiət gəzintilərinə çıxanlara xəbərdarlıq ediblər. Onlar çat-botların ərazidə şəxsən olmadığını və yerin real şəraiti barədə birbaşa təcrübəyə malik olmadığını vurğulayıblar.

Nəşr oxşar hadisələrin də baş verdiyini qeyd edib. Məlumata görə, təxminən bir ay əvvəl “Google”un süni intellekt alqoritmi Kaskad dağlarına gedən turistlərə az miqdarda su və ərzaq götürməyi tövsiyə edib. Nəticədə adi gəzinti bir neçə gün davam edən çətin sınağa çevrilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar