Əhmədinejad zindana niyə can atır?
24 oktyabr 2012 11:08 (UTC +04:00)

Əhmədinejad zindana niyə can atır?

İran prezidenti Mahmud Əhmədinejad ölkənin ali rəhbəri ayətullah Xamneyini təhqir etməkdə ittiham olunaraq, həbs edilən keçmiş müşaviri, İRNA agentliyinin sabiq baş direktoru Ələkbər Cavanfikirin saxlanıldığı Evin həbsxanasına getməkdə israrlıdır.

Lent.az-ın Türkiyənin «NTV» telekanalına istinadən məlumatına görə, o, İslam Respublikası Məhkəmə Sisteminin rəisi Sadıq Laricaniyə üçüncü məktubunda Tehrandakı bu zindana giriş üçün müraciətini təzələyib.

O, məktubunda həbsxanaya ziyarətinin Ana Yasa haqqı olduğunu bildirib: “Zindanlarda və bəzi məhkəmələrdə görüş keçirməklə konstitusiyanın icra olunmasını və millətin əsas hüquqlarına riayət olunub-olunmamasını araşdırmaq istəyirəm. Ölkə Ana yasasında prezidentin öz qanuni vəzifəsini yerinə yetirməsi üçün Məhkəmə Sistemi rəisindən icazə alması nəzərdə tutulmayıb. Məhkəmə Sisteminin rəisi konstitusiyanın hansı bəndinə əsasən hər işə bir siyasi təhlil verir və Əsas Qanunun icrasını əngəlləyir?

Siz konstitusiyanın icraçısı olan, millətin nümayəndəsi sayılan ölkə prezidentinə qarşı belə ittihamlar irəli sürdüyünüz halda, Allahdan başqa dayağı olmayan mülki vətəndaşların hüquqi təhlükəsizliyinin qorunub saxlanmasını necə təsəvvür etmək olar?”

Xatırladaq ki, onun ilk müraciətinə cavab olaraq, məhkəmə sisteminin sözçüsü Qulamhüseyn Möhsüni-Ejei bunları söyləmişdi: “Prezident Evin zindanına müşaviri Əliəkbər Cavanfikirlə görüşmək üçün gedir. Əhmədinejadın prezident postuna gəlməsindən 7 ildən çox vaxt keçir. Bu müddətdə Evin zindanında görüş keçirmək üçün bizə müraciət etməyib. İndi onun prezidentliyinin son aylarındayıq. Elə buna görə də onun zindanda görüşü cəmiyyətdə belə bir şübhə, sual yarada bilər: Niyə məhz bu vaxtda və niyə təkcə Evin zindanında?

Hazırda ölkənin əsas problemi bahalıq, inflyasiya, sanksiyalar və valyuta bazarında yaranmış gərgin vəziyyətdir. Məhz bunu nəzərə alaraq hesab edirik ki, görüşün belə şəraitdə keçirilməsi mümkün deyil. Biz bunu məqsədəuyğun saymırıq. Bu gün bizim əsas səyimiz və tövsiyəmiz növbəti prezident seçkisi ərəfəsində ölkədə sabitliyi qoruyub saxlamaqdır. Hamımız buna çalışmalıyıq”.

Əhmədinejadın israrı əbəs deyil. Mövcud rejim ötən 33 ildən artıq müddət ərzində hakimiyyətin içindən çıxan, çeşidli bəhanələrlə ittiham olunaraq, həbs edilənlərin aqibətini yaxşı bilir.

Hələ bir neçə il öncə Məhəmməd Xatəminin prezidentliyi dövründə ETTELAAT-ın aparcı fiqurlarından biri Səid İmami (İslami) həbs edilmişdi. Bir müddət sonra onun həbsxanada müəmmalı ölümü ilə bağlı xəbərlər yayıldı. Həmin illərdə ölkədə ziyalılar oğurlanıb, qətlə yetirilmişdi. Bu cinayətdə də əsasən S.İmaminin (İslami) adını hallandırırdılar. Həmin illər baş verən cinayətə “zəncirvarı qətl” adı verilmişdi.

Ona görə də ehtimal etmək olar ki, Əhmədinejad ilk növbədə keçmiş müşavirinin sağlıq durumu ilə maraqlanmaq istəyir. Bunun ardınca ehtiyat edir ki, işgəncə verməklə Cavanfikirdən ona qarşı ifadə ala bilərlər. Bu sayaq ehtimalların sayını artırmaq da olar. Məsələ burasındadır ki, beynəlxalq təzyiqlər artdıqca Tehran hakimiyyəti daxilində vəziyyət də gərginləşəcək.

Hər halda baş verənlər bu ölkədə dövləti idarəetmə sisteminin eybəcərliyini bir daha ortaya çıxardı.

Sədrəddin Soltan
# 1250

Oxşar yazılar