"Buludlar arasında"  yol   çəkilir - avtomobillər  80 metr hündürlükdə   hərəkət edəcək
13 noyabr 2026 16:33 (UTC +04:00)

"Buludlar arasında" yol çəkilir - avtomobillər 80 metr hündürlükdə hərəkət edəcək

0

Polşada avtomobillərin yerdən 80 metr hündürlükdə hərəkət edəcəyi qeyri-adi avtomobil yolu inşa olunur. Nəhəng estakadanın tikintisində Eyfel qülləsinin polad karkasının çəkisindən daha çox polad istifadə edilib.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Polşada S19 sürətli avtomobil yolunun ən qeyri-adi hissələrindən birinin tikintisində mühüm mərhələ başa çatıb.

Dağlıq ərazidə yerləşən nəhəng estakadanın birinci hərəkət istiqaməti üzrə konstruksiyası birləşdirilib.

Podkarpatye bölgəsində Babitsa və Yavojnik yol qovşaqları arasındakı hissənin tikintisini “Intercor” şirkəti həyata keçirir.

Ümumi uzunluğu 11,8 kilometr olan yol mühəndislik həlləri ilə diqqət çəkir. Yenilənmiş müqaviləyə əsasən, burada nəqliyyatın hərəkəti gələn ilin sonunda açılacaq. Bu isə ilkin plandan bir il gecdir.

Mürəkkəb təpəlik relyefə görə layihə Polşanın ən çətin yol tikintilərindən biri hesab olunur. Bu hissədə beş viaduk və səkkiz estakada inşa ediləcək. Onlardan ən uzununun uzunluğu təxminən 1,1 kilometrdir. Hazırda diqqət mərkəzində olan bu estakadanın tikintisi zamanı bir sıra rekordlar qeydə alınıb.

Yerdən 80 metr hündürlükdə rekord yol

Polşanın Milli Avtomobil Yolları və Magistrallar Baş İdarəsinin məlumatına görə, ES-26 işarəsi ilə tanınan estakada yer səthindən yol örtüyünə qədər olan hündürlüyünə görə ölkədə bu tipli ən hündür konstruksiyadır.

Estakadanın dayaqları ən yüksək nöqtədə 80 metrə çatır. Konsol betonlama texnologiyası ilə inşa edilən aşırımların uzunluğu isə 188 metrdir.

Dayaqların hündürlüyü betonun tikinti sahəsinə çatdırılmasında ciddi çətinliklər yaradıb. Buna görə podratçı şirkət beton qarışığını böyük hündürlüyə nəql etmək üçün xüsusi boru kəməri layihələndirməli olub.

Polad konstruksiyaların daşınması da mürəkkəb prosesə çevrilib. Bu məqsədlə beş qülləli krandan istifadə edilib. Tikintidə Varşavadakı Milli Stadionun dam konstruksiyasının hazırlanmasına sərf olunan qədər polad işlədilib.

GDDKiA-nın hesablamalarına əsasən, yalnız estakadanın dayaqlarının tikintisinə 51 800 kubmetr beton qarışığı sərf olunub. Bu həcm ağzına qədər doldurulmuş 20-dən çox olimpiya hovuzunun tutumuna bərabərdir.

Dayaqların inşasında isə 9 250 ton poladdan istifadə edilib. Bu miqdar məşhur Eyfel qülləsinin polad karkasından daha ağır konstruksiya hazırlamaq üçün kifayət edərdi.

Nəhəng yol nə vaxt istifadəyə veriləcək?

S19 avtomobil yolunun ən mürəkkəb hissəsi Jarnova və Qodova yaşayış məntəqələri arasında yerləşən sözügedən estakadadır.

Birinci hərəkət istiqaməti üzrə konstruksiya tamamlandıqdan sonra yol inşaatçıları ikinci istiqamətin tikintisinə başlayırlar.

İkinci hissənin daha sürətlə inşa olunacağı gözlənilir. Çünki birinci estakadadan beton qarışığının daşınması üçün də istifadə ediləcək. Bundan əlavə, nəhəng dayaqlar artıq hazırdır.

Hazırda Babitsa-Yavojnik hissəsində tikinti işlərinin təxminən 80 faizi tamamlanıb. Əsasən yol örtüyü və digər yol infrastrukturu ilə bağlı işlər qalıb. Bu işlərin bir hissəsi estakadanın konstruksiyası üzərində tikintinin sonrakı mərhələlərində həyata keçiriləcək.

Sözügedən yol hissəsinin gələn ilin son aylarında tamamlanması nəzərdə tutulur.

2028-ci ildə bu hissə beynəlxalq Via Carpatia nəqliyyat dəhlizinə birləşdiriləcək. Bunun üçün Jeşuv şəhərinə daha yaxın ərazidə yerləşən tunelli yol hissəsinin tikintisi də başa çatdırılmalıdır.

Cənub istiqamətindəki növbəti yol hissəsinin isə 2031-ci ildən tez istifadəyə verilməsi gözlənilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar