Azərbaycanlı reper qıza  5 il həbs   istənildi
13 noyabr 2026 16:58 (UTC +04:00)

Azərbaycanlı reper qıza 5 il həbs istənildi

0

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı reper Alizade və məşhur türkiyəli reper Lvbel C5 haqqında 5 ilədək həbs cəzası tələb olunub.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, buna səbəb ifaçıların birlikdə hazırladıqları “Kahpe” adlı mahnının sözləri və klipində yer alan zorakılıq səhnələri olub.

İstanbul Respublika Baş Prokurorluğu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) daxil olan şikayətlər əsasında araşdırmaya başlayıb. İstintaq zamanı mahnının sözlərinin zorakılığı təşviq etdiyi iddia olunub. Klipdə isə dörd nəfərin yerdə uzanan bir şəxsi döyməsini əks etdirən görüntülər diqqətə çatdırılıb.

Prokurorluq Lvbel C5 adı ilə tanınan Süleyman Burak Bodur, Alizade kimi məşhurlaşan Asya Alizade və bəstəkar Can Akdoğan haqqında “açıq şəkildə cinayət törətməyə təhrik etmə” ittihamı ilə 5 ilədək həbs cəzası tələb edib. Məhkəmə ittiham aktını qəbul edib.

İstintaq çərçivəsində ifadə verən Lvbel C5 ittihamları rədd edib. O, mahnının sözlərinin bədii təxəyyül məhsulu olduğunu və heç kimi cinayətə təhrik etmək niyyətinin olmadığını bildirib. Reper klipin xaricdə əcnəbi rejissor tərəfindən çəkildiyini və görüntülərə görə məsuliyyət daşımadığını iddia edib.

Bəstəkar Can Akdoğan isə mahnının sözlərinin mənasını bilmədiyini və klipdəki zorakılıq səhnələri ilə əlaqəsinin olmadığını söyləyib. Alizadenin isə xaricdə olması və Türkiyəyə girişinə 5 illik qadağa qoyulması səbəbindən ifadəsi alına bilməyib. Azərbaycanlı reper vəkili vasitəsilə yazılı müdafiəsini təqdim edib.

İstintaqın əvvəlki mərhələsində Lvbel C5-in həbs olunması tələb edilsə də, məhkəmə bu tələbi rədd edib. Onun barəsində ölkədən çıxış qadağası, polis bölməsində mütəmadi imza vermək kimi məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Hazırda iş üzrə məhkəmə prosesi gözlənilir. Təqsirləndirilən şəxslər barəsində yekun hökm çıxarılmayıb.

Qeyd edək ki, əsl adı Asya Alizade olan reper Azərbaycan əsillidir. O, 2000-ci ildə Azərbaycanda anadan olub. Türkiyədə musiqi karyerasını davam etdirən Alizade rep və hip-hop janrında ifaları ilə məşhurlaşıb. Xüsusilə sosial şəbəkələrdə yayılan mahnıları ilə geniş dinləyici auditoriyası qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 240

Oxşar yazılar