Komediyadan komandanlığa:  İndi o, həyatının ən böyük tamaşasını oynayır - ONU TANI
13 aprel 2022 16:00 (UTC +04:00)

Komediyadan komandanlığa: İndi o, həyatının ən böyük tamaşasını oynayır - ONU TANI

ƏVVƏLKİ YAZI

Lent.az-ın "Onu tanı" layihəsində bu dəfə Ukrayna prezidenti Volodimir Zelenskidən bəhs edəcəyik

5 il əvvəl, bu vədələrdə  onun kim olduğunu ukraynalıların vur-tut 7 faizi bilirdi.  Krivoyroqlu bu oğlanı insanlar “95-ci kvartal” stand-up şousu, “Qudalar”, “Xalqın xidmətçisi”, “Böyük şəhərdə sevgi”, “İlk səkkiz görüş” serialı ilə tanıyırdılar. Hə, bir də KVN-çi kimi. Bu gün isə onun adı 8 milyardlıq dünya ilə birdir. Riyaziyyatçı Aleksandrla mühəndis Rimmanın oğlu, memar Yelenanın əri, Saşayla Kirilin atasını – Volodimir Zelenskini... 

***   

1978-ci il yanvarın 25-də Ukraynanın də Krivoy Roq şəhərində anadan olub. Atasının işiylə bağlı Zelenskilər bir müddət Monqolustanın Erdenet şəhərində yaşayıblar. Volodimir birinci sinfə də elə orada gedib. Az sonra ailə SSRİ-yə qayıdır. Volodya Krivoy Roqda ingilis təmayüllü məktəbdə  təhsil alır. Uşaqlıq illərində yunan-roma güləşi, ağır atletika, voleybol və basketbolla məşğul olur, bal rəqsləri kurslarına gedib. Məktəbi bitirdikdən sonra hüquqşünaslıq ixtisası üzrə Krivorojsk İqtisadiyyat İnstitutunda ali təhsil alıb. Amma öz ixtisası üzrə bir gün də işləmir. 

Tələbəlik illərində Volodimir “Gənc Krivoy Roq” adlı KVN komandasını təşkil edir. Adı çəkilən komanda 1999-cu ildən etibarən Moskvada KVN-in yüksək yüksək liqasına qatılır. Az keçmir ki, komediya ustası ilə Ukrayna telekanalları maraqlanır, “95-ci məhəllə” isə ölkənin ən məşhur telekanallarından olan “1+1”də konsertlərlə çıxış edir. Bir qədər sonra “İnter” telekanalında “Veçernı kvartal” proqramıyla efirə çıxır. Bundan sonra onun populyarlığı bir qədər də artır. 

O, müxtəlif telekanallarda “Döyüş klubu”, “Ukrayna, ayağa qalx”,  “Gecə Kiyevi” və “Gülüş liqası” kimi əyləncəli proqramlar yaradır. Bir sıra seriallarda baş rolda çıxış edir. Maraqlısı odur ki, 2015-ci ildə “Xalqın xidmətçisi” adlı serialda -  bu ada diqqət - o, Ukrayna prezidenti rolunu oynayır. Təsadüfidir, ya yox, onun oynadığı Vasili Qoloborodko ildırım sürətiylə siyasətin zirvəsinə yüksələrək prezident seçilən tarix müəlliminin obrazı idi. 

***   

Zelenski siyasi səhnəyə Maydan hərəkatı zamanı atılır. O dönəmin prezidenti Viktor Yanukoviç bir neçə ay davam edən etiraz aksiyalarından sonra hakimiyyətdən uzaqlaşdırılır. Volodmir bu mərhələdə Poroşenkonu dəstəkləyir. Taleyin işinə bax, bir neçə ildən sonra isə Zelenski özü prezident seçilir, məhz Petro Poroşenkoya qalib gəlir. 

2018-ci ilin dekabrında məşhur ukraynalı jurnalist Dmitri Qordona müsahibəsində rəhbəri olduğu siyasi partiyanın adını açıqlayır – “Xalqın xidmətçisi”. Qordona deyir ki, o, prezident seçkilərinə qatılacaq. Çoxu onun bu addımını rişxəndlə qarşılayır. Amma Zelenski elə bir seçki kampaniyası aparır ki, nəinki ölkəsinin insanını, dünyanı heyrətə gətirir. O, 2019-cu ilin may ayının 20-də keçirilən seçkidə  73,2 faizlik səslə Poroşenkonu necə deyərlər, əzib keçir. 

Prezident seçilən kimi parlamenti buraxıb yeni seçki keçirir. Burada da onun partiyası qalib gəlir. Hakimiyyətinin ilk aylarında Zelenski Ukraynanın Avropa Birliyinə və NATO-ya üzv edilməsi tələblərini səsləndirir. Rusiyanın Donbas və Krımı işğal etməsiylə barışmayacağını bildirir. 

O, eyni zamanda  korrupsiya ilə sərt mübarizəyə başlayır. Oliqarxları xalqın varidatını talamaqda suçlayır, vətənə xəyanətdə ittiham edir. Amma özü də bəzi qalmaqallara səbəb olur. Onun özünü də korrupsiyada ittiham edirlər. 2021-ci ilin oktyabr ayında "Pandora sənədləri"ndə Zelenskinin də adı çıxır. Amma Zelenski sənədlərdə gizli bir məlumat olmadığını deyir. Vergilər xidmətinə təqdim etdiyi bəyannamədə göstərir ki, 2017-ci ildə onun gəliri 5  milyon qriven – təxminən 330 min manat təşkil edib. Bu məbləğin böyük hissəsi şoumenin sahib olduğu təsərrüfat obyektlərinin payına düşür. Məlum olub ki, həyat yoldaşı Yelenanın gəliri isə 805 min qriven, təxminən 54 min manatdır. 

Zelenskilər etiraf ediblər ki, onların birgə mülkiyyətində Kiyevin şəhər kənarında yerləşən ev və torpaq sahəsi, paytaxtda və Krımda üç mənzil və üç qarajları var. Volodimir və Yelena dekorasiyada  2016-cı ildə istehsallı “Land Rover” və “Mercedes Benz” markalı avtomobillərinin olduğu qeyd edirlər. 

***  

Fevralın 24-ü səhər tezdən dünya Rusiya qoşunlarının “Donbasda hərbi əməliyyat”  adı altındı Ukraynaya hücum etməsi xəbəri ilə oyandı. Sonradan məlum olacaqdı ki, fevralın 23-dən 24-ə keçən gecə, gecə saat 2 radələrində o, Rusiyanın hərbi müdaxiləsi haqda məlumat alıb və dərhal evindən Prezident Aparatına qayıdıb. Həmin vaxt çoxları keçmiş komediya ustasının təzyiqlərə dözməyərək Kiyevi tərk edəcəyini proqnozlaşdırırdı. Çünki artıq Kremlin kuluarlarında 72 saat ərzində Kiyevini işğalından dəm vururdular. Amma o, hətta ABŞ-ın israrlı təkliflərini qulaqardına vuraraq paytaxtı tərk etmədi. Və artıq 50 gündür ki, ekranlarda gördüyümüz hərbi-səhra paltarında baş komandan kimi orduya rəhbərlik edir.

 O günlərdə “New York Times" yazırdı: "Volodimir Zelenski ondan, demək olar ki, heç kəsin gözləmədiyi bir roldadır - müharibə dövrünün prezidenti rolunda. Belə görünür ki, onun həyatının əsas tamaşası Rusiya qoşunlarının hücuma hazırlaşması anında başladı”. Hə,  keçmiş şoumen və aktyor müharibə dövrünün liderinə çevrilə bildi”. 

...Müharibə isə davam edir.

# 7596
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar