Nemət Pənahlının 1000 manatı özündə qaldı
12 iyun 2009 15:00 (UTC +04:00)

Nemət Pənahlının 1000 manatı özündə qaldı

Hakim İsmayıllı Dövlət Təbiət Qoruğunun apelyasiya şikayətini təmin etmədi

Bu gün Bakı Apelyasiya Məhkəməsində Milli Azadlıq Hərəkatının tanınmış simalarından biri, Milli Dövlətçilik Partiyasının (MDP) sabiq sədri Nemət Pənahlı ilə bağlı məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Ülvi Mayılovun sədrliyilə keçirilən prosesdə qarşı tərəfin - İsmayıllı Dövlət Təbiət Qoruğunun apelyasiya şikayəti təmin edilməyib. Hakim Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Pənahlı Nemət Əhəd oğlu İsmayıllı Dövlət Təbiət Qoruğu tərəfindən cərimə olunub. Buna səbəb kimi isə N.Pənahlının qoruq ərazisində, yəni qadağan olunmuş yerdə ov etməsi göstərilib. Qadağanı pozmasını əsas kimi gətirən qoruq işçiləri N.Pənahlını 1000 manat məbləğində cərimə edib.

N.Pənahlı isə cərimə qərarı ilə razılaşmayaraq, Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə sabiq hərəkatçının xeyrinə qərar çıxararaq, qoruğun kəsdiyi cəriməni ləğv edib.

Lakin rayon məhkəməsinin qərarı ilə razılaşmayan İsmayıllı Dövlət Təbiət Qoruğu bu dəfə Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdi.

Pərvin ABBASOV
# 892

Oxşar yazılar