Strasburqda intihara cəhd göstərən azərbaycanlı danışdı
12 iyun 2009 16:00 (UTC +04:00)

Strasburqda intihara cəhd göstərən azərbaycanlı danışdı

“Sənədlərimi paltaryuyan maşına atıb, özümü dəlixanaya saldılar”

Bu il mayın 15-də Avropa Şurası İnsan Haqları Məhkəməsinin binasının qarşısında dalbadal iki dəfə intihara cəhd göstərmiş azərbaycanlı Rüstəm İsmayıl (Azəri) həmin hadisədən sonra mətbuata ilk dəfə açıqlama verib. O, Lent.az-a eksklüziv açıqlamasında hadisə günü Strasburqdan 20 kilometr aralı bir yerə aparıldığını deyib: “Məni dəlixanaya apardılar. Mayın 15-dən iyunun 6-dək dəlixanada qaldım. Pasportumla bərabər bütün sənədlərimi paltaryuyan maşına atıb, yox etdilər. Sonra isə mənə bunun təsadüfi bir xəta olduğunu bildirdilər. Mən də sənəd üçün qovluğun yuyulub əriməsinin mümkün olmadığını dedim”.

Fransadakı Ruhi-Əsəb Xəstəxanasında mayın 15-dən 21-dək aclıq aksiyası keçirdiyini bildirən R.İsmayıl orada ona “onsuz da səsini duymayacaqlar, boş yerə özünü yorma” deyildiyini qeyd edib. Xəstəxanada bir sıra qurumlarla əlaqə saxlayan R.İsmayıl iyunun 6-da Almaniyaya – Berlinə gedib: “Saat 22.00-da Berlindəki evimə çatdım. Lakin məlum oldu ki, polislər qapımın açarlarını dəyişiblər, qapıya da polis bölməsinə getməyim barədə bildiriş kağızı vurublar. Beləliklə, yerli polis bölməsinə getdim. Orada məni dəlixanaya aparmaq istədilər. Mən də öz növbəmdə Fransada verilən sənədləri təqdim etdim. Hazırda Almaniya Federativ Respublikası məhkəməsinin qərarı ilə mənə alman millətindən olan rəsmi xəstə baxıcısı ayrılıb və bütün hüquqlarım ona verilib. İndi mən bu cür pozulan hüquqlarımın müdafiəsi ilə məşğulam”.

Qeyd edək ki, Almaniyada daimi yaşayış hüququ olan Rüstəm İsmayıl 1970-ci ildə Göyçay rayonunda anadan olub. 1998-ci ildə Almaniyaya turist kimi gedib. O, hazırda 16 xəstəlikdən, o cümlədən QİÇS, infarkt, vərəm, depressiya, xroniki prostat, ikinci dərəcəli refleksiya, xroniki Hepatit A, ikinci dərəcəli sifilis, babasil xəstəliklərdən əziyyət çəkir. R.İsmayıl turist kimi gəldiyi Almaniyada Azərbaycan vətəndaşlığına aid sənədlərimi itirdiyini, ağır sətəlcəm xəstəsi olmasına baxmayaraq, Almaniya qanunlarına uyğun tibbi yardım edilmədən, qış aylarında qanunsuz olaraq küçəyə atıldığını, 1999-cu ildə polislər tərəfindən vəhşicəsinə döyüldüyünü bildirib. O, Almaniya məhkəmələrinin 5 il ərzində həkimə müraciət etməsinə belə, qadağa qoyduğunu deyib.

R.İsmayılın məhkəmələrdən təcili olaraq Avropanın başqa ölkəsinə yerləşdirilməsini və müalicəsinə başlanmasını istəyib. O, maddi və mənəvi zərərin əvəzi olaraq 50 milyon avro məbləğində təzminat tələb edib. R.İsmayılın Almaniyada və Azərbaycanda vəkillərinin fəaliyyət göstərməsinə baxmayaraq, indiyədək təzminat ala bilməyib.

Pərvin ABBASOV
# 728

Oxşar yazılar