Bakıda "korifey jurnalist"  HƏBS OLUNDU: Milli Məclisə işə  düzəldirmiş
17 oktyabr 2025 15:40 (UTC +04:00)

Bakıda "korifey jurnalist" HƏBS OLUNDU: Milli Məclisə işə düzəldirmiş

0

Bakıda 3 nəfərə qarşı dələduzluq edən iş adamı həbs olunub.

Lent.az-ın məlumatına görə, 34 yaşlı Amil Quliyev (soyad şərtidir) özünü “BTB Group”un direktoru və prezident təqaüdçüsü təqdim edərək, ondan işə düzəlmələrinə kömək istəyənləri aldadıb.

Belə ki, o, Bakıdakı kimya-biologiya təmayüllü liseyin direktor müavininin oğlunu Milli Məclisin aparatında baş məsləhətçi vəzifəsinə düzəldəcəyini söz verib. Bunun üçün ondan ümumilikdə 13 min 100 manat pul alıb. Sonradan ata və oğluna guya övladının işə düzəlməsi barədə sənəd göndərib. Lakin ata-oğul sənədin saxta olduğunu görüb. Onlar pullarını geri istəsə də, Amil bundan imtina edib.

Bundan başqa, o, fəhləliklə ailəsini dolandıran zərərçəkən də oğlunun Milli Məclisdə işə düzəlməsi üçün Amilə üz tutub. Amili “Babək plaza”da jurnalistika kurslarına gedən qızı sayəsində tanıyıb. Amil zərərçəkənə oğlunu Milli Məclisin aparatında operator vəzifəsinə düzəldə biləcəyini bildirib. Bu məqsədlə ondan ümumilikdə 10 min manat pul alıb. Lakin bu dəfə də vətəndaşı aldadıb.

Digər bir epizodda isə Amil tədbirdə özünü illərdir jurnalistika fəaliyyəti ilə məşğul olan şəxs kimi tanıdıb. Burada o, digər zərərçəkənlə tanış olub. Amil ona deyib ki, Milli Məclisdə yeni televiziya kanalı qurulacaq. Guya onu da Türkiyədən həmin kanala rəhbərlik etmək üçün çağırıblar. O da özünə yeni komanda quracaq. Bu bəhanələrlə zərərçəkəni həmin kanalın direktor müavini təyin edəcəyinə söz verib. Həmin təyinat da zərərçəkənə baha başa gəlib. Vəzifə xəyalı quran şəxs Amilə 8800 manat pul verib.

Özünü gah iş adamı, gah jurnalist, gah da prezident təqaüdçüsü kimi təqdim edən Amil Quliyev zərərçəkənlərdən aldığı həmin pulların hamısını şəxsi ehtiyaclarına sərf edib. Bu əməllərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda törədildikdə) və 320.1-ci (saxta sənəd hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham elan olunub.

Yasamal rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən iclasda Amil Quliyev barəsində 2 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 880

Oxşar yazılar