“Azərbaycanın müstəqilliyinin bərpasına səs verən 43 millət vəkilini hörmətlə anıram. Onların üzərimizdə haqqı çox böyükdür”.
Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tənzilə Rüstəmxanlı deyib.
Deputat Siyavuş Novruzov isə Tənzilə Rüstəmxanlının fikirlərində yanlışlıq olduğunu bildirib: “Müstəqilliyə parlamentdə 271 nəfər səs verib. O 43 nəfər özlərini istiqlal yolunda görüb və referendum əleyhinə səs veriblər. Müstəqillik başqa şeydir, referendum əleyhinə səs vermək başqa məsələdir. Tarixi saxtalaşdırmayaq, tarix düzgün yazılmalıdır. İclasa Ziyad Səmədzadə sədrlik edib və 350 nəfər parlament üzvündən 271 nəfəri Azərbaycan müstəqilliyinin bərpasına səs verdi”.
Spiker Sahibə Qafarova Siyavuş Novruza haqq versə də, onunla bəzi məsələlərdə razılaşmayıb: “Çıxışlarda bəzi nöqsanlar olur. Burda olan çıxışlarda da bəzi nöqsanlar gördüm. Mən sonra sizinlə ayrı bir məsələni də danışacam”.
Tənzilə Rüstəmxanlı yenidən söz alaraq həmkarının söylədiklərinə münasibət bildirib:
“Buna cavab verməsəm olmaz. Çünki Siyavuş müəllim mənə saxtakar dedi.
Aralarında Heydər Əliyev də olmaqla, deputatların cəmi 43-ü ittifaqın saxlanmasının əleyhinə çıxmışdı. Bu da müstəqilliyimizə xidmət idi. Həmkarım məni yanlış anladı. O zaman bu proseslərin canlı şahidi idim. Çox istərdim ki, bu gün dövlət çevrilişində əli olan Azərbaycanın ən yüksək məqamlarını işğal edən Ramiz Mehdiyevin əleyhinə 10 il bundan qabaq bir cümlə deyib tarix yazaydı”.
Spiker Sahibə Qafarova da Tənzilə Rüstəmxanlının fikirlərinə qoşulub:
“Mən ona görə dedim ki, Siyavuş müəllim, bəzi məsələləri ayrıca danışarıq. Sabah bayram günüdür, bu gün bayram təbrikləri ilə iclasa başladıq. Düşünürəm ki, bu söhbətlərin yeri deyil. Yenə təkrar edirəm, öncədən Siyavuş müəllimə dedim ki, bəzi məsələləri sizinlə danışacam".
Siyavuş Novruzov da müzakirələrə qoşulmaq üçün söz istəyib. Amma sədr Sahibə Qafarova ikinci dəfə ona söz verməyəcəyini bildirib.