Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin yarım milyondan çox dələduzluqda ittiham edilən qızı həbsdən azad edilib.
Lent.az "qafqazinfo"ya istinadla bildirir ki, bu barədə müvafiq qərar qəbul edilib.
M.Musayeva 610 min manat pulunu ələ keçirdiyi Ü.Quliyeva ilə barışıq əldə edib. O, külli miqdarda məbləği hissə-hissə ödəməyə razılaşıb.
Tərəflər arasında razılıq əldə edildiyindən istintaq orqanı həbsin davamına ehtiyac görməyib. M.Musayeva polis nəzarəti şərti ilə təcridxanadan azad edilib.
Zərərçəkmiş şəxsin hüquqlarını tanınmış vəkil Ceyhun Yusifov müdafiə edir. Amma vəkil müvəkkili ilə təqsirləndirilən şəxsin barışması və dəymiş ziyandan nə qədər ödənilməsi ilə bağlı suala cavab verməkdən imtina edib.
***
22 aprel, saat: 15:01
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin sabiq rəis müavini Hamlet Musayevin qızı həbs edilib.
Lent.az qafqazinfo.az-a istinadla xəbər verir ki, M.Musayeva bir nəfərin yarım milyon manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
İlkin ittihamda yazılıb ki, M.Musayeva əvvəldən tanıdığı Ü.Quliyevanı iş görmək vədi ilə aldadıb. Bu məqsədlə əlbir olduğu digər şəxslərlə birlikdə zərərçəkmişdən ümumilikdə 610 min manat pul alıb.
Ü.Quliyevanın polis idarəsinə şikayətindən sonra istintaq başlanılıb.
Şikayətçinin sözlərinə görə, M.Musayeva qanunsuz fəaliyyətlə məşğul olarkən yüksək vəzifədə çalışan yaxın qohumlarının adlarından istifadə edib. Bu isə zərərçəkmiş şəxsdə əlavə inam yaradıb.
Təqsirləndirilən şəxs əvvəlcə istintaqdan yayınsa da, qısa müddətdə polis əməkdaşları tərəfindən tutulub.
Ona Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb, məhkəmənin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirləndirilən şəxsə qarşı başqa şikayətçilərin də olduğu bildirilir.
Qeyd edək ki, M.Musayevanın atası Hamlet Musayev uzun illər ədliyyə sistemində fəaliyyət göstərib. O, bir müddət Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəis əvəzi vəzifəsini də icra edib.