Abşeronda evdən külli miqdarda qızıl oğurlanıb.
Lent.az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
32 yaşlı Yusif Bəkirov (ad və soyad şərtidir) qəsəbədə evlərdən birinin boş olduğunu düşünüb və oğurluq etmək qərarına gəlib. Bunun üçün balta ilə evin plastik pəncərəsini aralayaraq içəri daxil olub. Evin qonaq otağında çantanın içində olan ümumi dəyəri 7000 manatlıq qızılı götürərək mənzili tərk edib. Qızıl-zinət əşyalarını Bakının ayrı-ayrı ünvanlarında yerləşən lombardlara verərək pul götürüb.
Bu əməlinə görə, o saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, kirayə ev axtarırmış. Qarət etdiyi evin də boş olmasından əmin olduğu üçün əməli törədib. O, əməlindən peşman olduğunu, vurduğu ziyanı qismən ödədiyini və bir daha belə hallara yol verməyəcəyini deyərək yüngül cəza istəyib.
Zərərçəkən şəxs isə bildirib ki, həmin qızılları həyat yoldaşı üçün alıb və evləri təmirdə olduğu zaman saxlaması bacısına verib. O, dəyən ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmənin ixtiyarına buraxdığını bildirib.
Məhkəmənin qərarı ilə Yusif Bəkirov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.