"Mən pul işlərinə qarışmırdım"  - Bulvar İdarəsinin istefa verən direktoru DANIŞDI
29 aprel 2026 14:07 (UTC +04:00)

"Mən pul işlərinə qarışmırdım" - Bulvar İdarəsinin istefa verən direktoru DANIŞDI

0

Bakı Ağır Cinayətlər Məhkəməsində "Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri İlqar Mustafayev, onun köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və digərlərinin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə şahid ifadələri ilə davam edib.

Şahid M.A təqsirləndirilən şəxsləri tanıdığını bildirib:

"Mən 2016-2018-ci illərdə Dənizkənarı Mili Park idarəsinin direktoru olmuşam. İdarə bulvar idarəsinin tərkibində fəaliyyət göstərirdi. 2018-də öz ərizəmlə işdən çıxmışam. Bunun da səbəbi gedişatla razı olmadığıma görə idi. Çünki özümü fiqur kimi hiss etdiyimdən bu xoşuma gəlmirdi. Məsul olduğum idarədə işimiz onun balansında olan əyləncə müəssisələrinin təşkili və idarə olunması idi. Tapşırığı İlqar Mustafayev verirdi. Yığılan pullar baş idarəyə gətirilirdi. Mən maliyyə məsələlərinə qarışmırdım, heç bir imzam da olmayıb, o pullara əlim də dəyməyib. O sənədi ancaq korrupsiya idarəsində görmüşəm".

Məhkəmə M.A-nın ilkin istintaq zamanı verdiyi ifadəni elan edib:

"İlqar Mustafayev tapşırıq vermişdi ki, balansda olan əyləncə obyektlərindən yığılan vəsaitləri hesaba mədaxil etmədən, Rəşad Bədəlova təhvil verək. Bütün məsələlər İ. Mustafayevin nəzarətində olub. Gələcəkdə hər hansı bir problem olarsa, özünü sığortalamaq üçün baş mühasib Şirvan Quluzadə ayrı bir hesabat tərtib edib sənədləşdirmişdi".

Şahid M.K bulvarda velosiped işində bilet qəbul edən çalışdığını bildirib:

"Təqsirləndirilən şəxslərin heç birini tanımıram. İşə müraciət üçün idarə heyətinin müavinlərindən biri olan Faiq müəllimə müraciət etmişdim, işə qəbul olundum. Vəsaiti biz idarə heyətindən Ruslana  verirdik, pul məsələsinə qarışmırdıq. Maaşım 500-600 manat idi, iki ilə kimi orada çalışdım".

Şahid T.H təqsirləndirilən şəxslərlə bir yerdə çalışdığını bildirib:

"İstintaqdakı ifadəmdə də bildirmişəm ki, İlqar Mustafayevlə problemimiz olmayıb, neçə müddət bir yerdə çalışmışıq. Fiziki şəxs kimi VÖEN-im olub. Vergi verirdim. 50 faiz də işlədiyim idarəyə vergi verirdik. Səbəbini onunla izah edirdilər ki, bulvar ətrafında yaşıllıq, güllük və adadlaşdırmaya sərf olunacaq".

Məhkəmə T.H-nın ikin istintaq zamanı verdiyi ifadəni elan edib:

"Mən avtodrom əyləncə mərkəzində işləmişəm. Maaşımdan 50 faiz iş yerimə ödəmişəm. Əvvəllər pul vəsaitlərini kim toplayırdı, xatırlamıram. Deyirdilər ki, milli parkın abadlığı üçün vəsait çatışmazlığı var, o səbəbdən əməkdaşların pulundan bu faiz tutulur. Hazırda orada nəzarətçi çalışıram".

Şahid H.T 1994-cü ildən bulvar idarəsində işlədiyini deyib:

"Mən 2017-ci ildə işdən çıxmışam. Ərazidəki karusellərə nəzarət edib gündəlik hesabatı rəhbərliyə verirdim, iş bağlananda pulu təhvil alırdım. İlqar Mustafayev gələndən öz gətirdikləri adam bu işi görməyə başladı".

Növbəti proses 13 may saat 14:00-a  təyin olunub.

Xatırladaq ki, “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olmuş materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Məlumata görə, ibtidai istintaqla İlqar Mustafayevin “Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədri vəzifəsində işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və qeyriləri ilə cinayət əlaqəsinə girib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilmiş ümumilikdə 12 milyon manatdan artıq pul vəsaitini vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmasına əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlar əsasında İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib, İlqar Mustafayev barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həbs, digərləri barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə ümumilikdə 11 milyon manatdan artıq dəyərdə əmlak üzərinə həbs qoyulub.

Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 432

Oxşar yazılar