Qadın qazdan ZƏHƏRLƏNDİ:  "Azəriqaz" işçisinə  bu cəza verildi
06 dekabr 2025 10:55 (UTC +04:00)

Qadın qazdan ZƏHƏRLƏNDİ: "Azəriqaz" işçisinə bu cəza verildi

0

Qubada “Azəriqaz” əməkdaşı zəhərlənmə faktına görə cəzalandırılıb.

Lent.az-ın məlumatına görə, rayonun Zərdabi qəsəbə sakini olan qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Lakin xoşbəxtlikdən qadın xilas olunub. Belə ki, o, özünü pis hiss edən kimi hamamdan çıxıb və əri tərəfindən Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı aparılan araşdırma zamanı Qubanın Zərdabi və Barlı qəsəbələrində qaz təsərrüfatının nəzarətçisi vəzifəsini daşıyan 21 yaşlı Orxan Salamov (ad və soyad şərtidir) məsuliyyətə cəlb olunub.
İttiham aktına görə, onun vəzifəsi həmin qəsəbələrdəki evlərə ildə bir dəfə baxış keçirərək, qazla bağlı avadanlıqların düzgün quraşdırılmasına nəzarət etmək olub. O, aşkar etdiyi nöqsanlar barədə akt yazmalı, 1 ay sonra nöqsan aradan qaldırılmadığı təqdirdə abonentə qazın verilməsi dayandırılmalıdır. Lakin o, Zərdabi qəsəbəsində yerləşən evlərdən birinin hamam otağındakı su qızdırıcısına baxış keçirməyib və aktı özü dolduraraq, imzasını çəkib.

Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.

Orxan Salamov ifadəsində zəhərlənmə olan evə baxış keçirmək istəsə də, qapının bağlı olduğunu deyib:

“Yoxlama üçün həmin evə yaxınlaşdıq, amma qapısı bağlı idi. Ev sahibinin nömrəsini qonşulardan öyrəndim. İşimiz çox idi deyə, digər işlərimizi görüb yenidən həmin evə qayıtdıq. Ev sahibi barəsində öyrəndiyim məlumatları mənə verilən müayinə kağızına yazıb imza yerinə də öz imzamı qeyd etdim. Daha sonra həmin evdə zəhərlənmə hadisəsi oldu və prokurorluqda saxta akt tərtib etdiyimi etiraf etdim”.

Orxan yaşının az və əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş edib.

Zərərçəkən tərəf də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Quba rayon Məhkəməsinin qərarı ilə Orxan Salamov qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 1 il 9 ay müddətinə islah işləri cəzasına məhkum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar