Azərbaycanda ev xanımlarının hər birinin özünəməxsus və sınanmış kotlet resepti var. Lakin elə ümumi üsullar mövcuddur ki, onları tətbiq edən hər kəs dadlı və şirəli kotlet hazırlaya bilər.
Lent.az xəbər verir ki, mətbəx ustaları kotletləri ideal bişirməyin sirlərini açıqlayıb.
Niyə farşa mineral su əlavə olunur?
Çoxları farşa su qatıldığını eşidib, lakin əsas sirr adi su deyil, mineral su istifadə etməkdir. Bişirmə zamanı ət öz təbii nəmini itirir və quruyur. Bu da hazır yeməyin dadına mənfi təsir edir.
Qazlı mineral su isə həm nəmin qorunmasına kömək edir, həm də tərkibindəki karbon qazı səbəbindən farşı daha yumşaq edir.
Qazlı su farşı kiçik hava qabarcıqları ilə zənginləşdirir. Qızartma zamanı bu qabarcıqlar kotletə yüngül, havalı tekstura verir və şirəliliyi saxlayır. Qazlı su yağ və nəmin farşın daxilində daha bərabər paylanmasına da şərait yaradır. Bunun nəticəsində kotletlər formasını yaxşı saxlayır, daha dolğun görünür və ədviyyatların dadı daha güclü hiss olunur.
Mineral su necə əlavə edilməlidir?
Ən ideal nəticə üçün çox su lazım deyil, yarım kiloqram farş üçün 100 millilitr kifayətdir. Əgər duzlu mineral su istifadə olunursa, yeməyə əlavə edilən duz miqdarını azaltmaq vacibdir.
Mineral su farşa qatıldıqdan sonra qarışım yaxşı yoğrulmalı və 10–15 dəqiqə otaq temperaturunda saxlanmalıdır. Bundan sonra kotletləri formalaşdırıb qızartmaq olar. Qeyd olunur ki, mineral su əvəzinə buz və ya bulyon da istifadə oluna bilər.
Kotletləri daha şirəli edən digər məsləhətlər
Çörək kotletləri bəzən sərtləşdirə bilər. Onu manna yarması və ya yulaf lopası ilə əvəz etmək mümkündür. Bu halda suyun əlavə olunması mütləqdir, çünki dənli məhsullar nəmi çox çəkir. Alternativ olaraq farşa çiy kartof əlavə etmək olar. Lakin kartof xırda sürtgəcdən keçirilib yaxşı sıxılmalıdır.
Az yağlı ət istifadə edildikdə farşa rəndələnmiş və ya çox xırda doğranmış tərəvəzlər, məsələn, kök, kabak və ya balqabaq əlavə etmək tövsiyə olunur. Bu, kotletə şirəlik verir və yeməyi daha yüngül saxlayır.
Bu məsləhətlərə əməl etməklə kotletləriniz həm yumşaq, həm də dadlı alınacaq.