Özünü MTN polkovniki kimi təqdim edərək vətəndaşlara dələduzluq etməkdə təqsirləndirilən Aygün Akimova və İlham Baxşıyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, İlham Baxışovun şikayəti qismən təmin edilib, ona şərti cəza verilərək məhkəmə zalından azadlığa buraxılıb.
Aygün Akimovanın şikayəti təmin edilməyib.
Qeyd edək ki, A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) vəzifəli şəxs kimi təqdim edib. Və onlara qarşı 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir.
Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Akimova 12 il, İ.Baxşıyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, zərərçəkmişlər ifadələrində Aygün Akimovanın tanınmış iş adamı Abdulla Abdullayevin həyat yoldaşı kimi tanıdıqlarını deyiblər. Hətta istintaq zamanı məlum olub ki, Akimovanın övladların atası rəsmi olaraq Abdulla Abdullayevdir. AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdulalyev iş üzrə şahid qismində ifadə verib. Biznesmen A.Akimova ilə evli olmadığını, ancaq adının onun uşaqlarının doğum şəhadətnaməsində ata adı kimi yazıldığını deyib.