Papuqaylar  insan kimi düşünə   bilərlərmi?
16 iyul 2025 12:54 (UTC +04:00)

Papuqaylar insan kimi düşünə bilərlərmi?

Danışan papuqaylar həm sevimli, həm maraqlı, bəzən isə bir az qorxulu görünə bilər. Adətən güman edilir ki, bu quşlar sadəcə bir neçə (bəzən onlarca, bəzən yüzlərlə) sözü yadda saxlayır və mexaniki şəkildə təkrar edirlər. Amma necə olur ki, bəzi papuqaylar müəyyən söz və ifadələri yalnız uyğun vəziyyətdə, həm də çox yerinə düşən şəkildə işlədirlər?

Lent.az papuqaylarla bağlı maraqlı məlumatları təqdim edir:

Hansı papuqaylar nə dediklərini anlayırlar?

Çox insan heç düşünmür ki, papuqayın IQ səviyyəsi nə qədərdir. Amma alimlər bu səviyyənin 4 yaşlı uşaq səviyyəsində olduğunu müəyyən ediblər. Hər papuqay danışmağa meyilli olmasa da, bəzi növlər təkcə sözləri əzbərləmir, saymağı, şeirlər oxumağı, əşyaları rənginə görə ayırmağı və hətta tapmaca həll etməyi bacarırlar.

Alimlərin qənaətinə görə, bəzi papuqaylar insan nitqini anlamaqla yanaşı, onu düzgün şəkildə istifadə də edə bilirlər.

Bu baxımdan ən ağıllı növ Afrika boz papuqayı – Jako hesab olunur. Onun lüğətində təxminən 1000 söz var. Amma əsas məsələ sayda deyil – Jako nə zaman nə demək lazım olduğunu bilir. Məsələn, siz evdən çıxırsınızsa, “Sağ ol!” deyir. Ac olduğunu hiss edirsə, “Alma!” istəyir. Yəni bu quş sizin nə dediyinizi də anlayır, öz istəklərini də ifadə edir.

Papuqay beyninin quruluşu: Planlama və saxtakarlıq

Alimlər aşkar ediblər ki, bəzi papuqayların beyin quruluşu meymunların beyni ilə oxşardır – onların beynində mürəkkəb düşüncə və özünüidarəyə cavabdeh hissələr var.

Bu quşlar tapmacaları həll edə, yeməyi "gələcək üçün" gizlədə bilər (yəni planlaşdırma bacarığı var), bəzən isə qəsdən xəstə kimi davranıb şirni almağa çalışırlar. Vəhşi təbiətdə bəzi növlər bir-birlərinə ad da verir, uzun illərlə sosial münasibətlər qururlar. Bəlkə də papuqaylar insanlara da ad qoyurlar – sadəcə biz bunu hələ başa düşməmişik.

Ən ağıllı danışan 7 papuqay növü

Alimlər müəyyən ediblər ki, bəzi papuqay növləri sadəcə səs təkrarlamır – sözləri müəyyən predmet və ya hərəkətlə əlaqələndirir, məntiq apara bilir.

1. Jako (Afrika boz papuqayı)

Ən ağıllı və çox danışan növdür. Bəzi fərdləri Rekordlar Kitabına düşüb. Sözləri yerində işlətməyi bacarır, musiqi, digər quşların səsi, məişət texnikasını təqlid edir. Mexanizmləri açır, “diş təmizləyir”, ünsiyyəti çox sevir.

2. Kakadu

Jako qədər çox danışmasa da, yaddaşı çox güclüdür. Təxminən 20 söz və ifadə öyrənə bilər. İnsanlara çox bağlanır, bəzən çox “israrlı” olur. Onu incitsəniz, güclü dimdiyindən qorxmaq yerinə düşər! Mexanizmlərlə oynamağı və araşdırmağı sevir.

3. Ara

Ən böyük və eyni zamanda ən ağıllı iri növdür. Təxminən 20 söz öyrənə bilir. Təbiət səslərini və texniki səsləri yaxşı təqlid edir. İnsana alışması çətin ola bilər, çox vaxt və diqqət tələb edir.

4. Amazona

Musiqiyə meyllidir – sevimli melodiyasını oxuya bilər. 50-yə yaxın söz öyrənə bilir. Səssiz qalmaq onlara çətindir – danışmaq onlar üçün daha asandır. İnsana çox bağlanır və daim diqqət istəyir.

5. Kalita (Monax papuqayı, Kvaker)

Çox dostcanlı və ağıllı bir quşdur. Adətən 10-20 söz öyrənir. Sözləri aydın və ucadan deyir. Çox danışan növ olduğu üçün, əvvəlcədən səsinə öyrəşmək vacibdir.

6. Dalğalı papuqay

Ən məşhur və ev şəraitinə uyğun papuqay növüdür. 100-ə yaxın söz öyrənə bilər, təlim və mükafat şərtdir. Onlara qışqırmaq olmaz, həssasdırlar.

7. Ojerelovı papuqay (Boyunbağlı)

Sakit təbiətli, asan baxılan növdür. 70–120, bəzi hallarda 200-dən çox söz öyrənə bilər. Həm də mahnı oxuyurlar, bu bəzən qeyri-peşəkar səslənsə də, onların xoşbəxt olduğunu göstərir.

Papuqaylar sadəcə “səs təkrarlayan robotlar” deyillər. Onlar bəzən danışdıqlarını başa düşür, onları kontekstdə istifadə edir, ünsiyyət qurur, plan qurur və oynamağı sevirlər. Onların dünyası düşündüyümüzdən daha mürəkkəb və maraqlıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 452

Oxşar yazılar