Kolumbiya millisi 2026-cı il dünya çempionatının K qrupunda ilk oyununda debütant Özbəkistan üzərində 3:1 hesablı qələbə qazanıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Meksikadakı "Azteka" stadionunda keçirilən qarşılaşmada Kolumbiya hesabı 40-cı dəqiqədə Daniel Munyosun qolu ilə açıb. Hücumun başlanğıcında məhsuldar ötürməni Luis Dias verib.
Özbəkistan ikinci hissədə oyuna tarazlıq gətirməyi bacarıb. Komandanın dünya çempionatları tarixində ilk qolunu 60-cı dəqiqədə Abbosbek Fayzullayev vuraraq hesabı bərabərləşdirib.
Lakin cəmi beş dəqiqə sonra Luis Dias fərqlənərək Kolumbiyanı yenidən önə keçirib. Əlavə olunmuş vaxtda isə Kuço Ernandesin ötürməsindən sonra Xaminton Kampas komandasının üçüncü qolunu vuraraq yekun hesabı müəyyənləşdirib.
Luis Dias qarşılaşmada həm qol vurub, həm də məhsuldar ötürmə edib. Kolumbiya oyun ərzində rəqib qapısına 15 zərbə endirib və meydanda üstün tərəf olub.
Bu nəticədən sonra Kolumbiya K qrupunda ilk qələbəsini qazanaraq turnirə uğurlu start verib. Özbəkistan isə dünya çempionatındakı debüt matçından məğlub ayrılıb.