Messinin ulu babası braziliyalı  imiş: kökləri  ÜZƏ ÇIXDI
25 iyul 2026 11:48 (UTC +04:00)

Messinin ulu babası braziliyalı imiş: kökləri ÜZƏ ÇIXDI

0

Argentina millisinin kapitanı Lionel Messinin Braziliya ilə bağlı gözlənilməz ailə kökləri üzə çıxıb.

Lent.az xəbər verir ki, Braziliyanın “Globo” nəşrinin yaydığı məlumata görə, italiyalı tarixçi Fiorenzo Santini üç ildən artıq davam edən araşdırma nəticəsində futbolçunun ana tərəfdən şəcərəsini tapıb.

Araşdırmaya əsasən, Messinin ana tərəfdən ulu babalarından biri olan Federiko Kuççittini 27 yanvar 1904-cü ildə Braziliyanın San-Paulu ştatının Ribeiran-Pretu şəhərində anadan olub. Onun valideynləri – italiyalılar Raniero Kuççettini və Roza Rikkezza 1899-cu ildə Vaşinqton gəmisi ilə Braziliyaya köçərək San-Paulu ştatının kənd təsərrüfatı bölgələrində fermalarda çalışıblar.

Tarixçinin sözlərinə görə, ailənin soyadında dəyişiklik də məhz Braziliyada baş verib. Qeydiyyat zamanı Arderiqo Kuççettiniyə Federiko adı verilib, Koççettini soyadı isə Kuççittini formasında rəsmiləşdirilib. Sonradan Messinin anası Seliya Mariya Kuççittini də məhz bu soyadı daşıyıb.

Federikonun doğulmasından bir il sonra ailə Argentinanın Rosario şəhərinə köçüb. Daha sonra burada Messinin babası Antonio Kuççittini, illər sonra isə Lionel Messi dünyaya gəlib.

Santini bildirib ki, futbolçunun ailə tarixini araşdırmağa Messi "Barselona"da yeni tanınmağa başladığı dövrdə maraq göstərib. 2019–2022-ci illərdə aparılan araşdırma nəticəsində onun ana xətti üzrə nəsil ağacı tam şəkildə bərpa olunub. Tarixçinin fikrincə, İtaliyada rast gəlinməyən Kuççittini soyadı ailənin Braziliya ilə əlaqəsini müəyyənləşdirməkdə əsas ipucu olub.

Məlumata görə, hazırda Messinin Braziliyada yaşayan qohumları yoxdur. Ailə 1905-ci ildə ölkəni tərk edərək tamamilə Argentinaya köçüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar