Ötən il bələdiyyələr kasıblayıb
31 mart 2009 12:00 (UTC +04:00)

Ötən il bələdiyyələr kasıblayıb

Bələdiyyələrin bütün sahələr üzrə gəlirləri azalıb

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi dövlət büdcəsindən bələdiyyəyə ayrılan maliyyə yardımları sisteminin təkmilləşməsi ilə bağlı təkliflər hazırlayıb. Məqsəd bələdiyyələrin ağırlaşmaqda olan maliyyə durumunu yaxşılaşdırmaq və dövlətin bu sahəyə diqqətini artırmaqdır. Sənəddə bələdiyyələrin maliyyə probleminin sistematik həll istiqamətləri əksini tapıb.

Lent.az-ın məlumatına görə, bu barədə birliyinin sədr müavini Rövşən Ağayev 2008-ci ildə bələdiyyələrin maliyyə vəziyyətinə dair apardıqları tədqiqatın nəticələrinə dair keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, icmal büdcədə bələdiyyələrin payı 0,5 faizdən də aşağıdır. Halbuki, bu Baltikyanı ölkələrdə 15-20 faizdən az deyil. Həmin ölkələrdə adambaşına büdcə gəlirləri 2000-2500 dollardan başlayır və hətta bir çox inkişaf etmiş ölkələrdə bu rəqəm 8-9 min dollara çatır: “Azərbaycanda isə bələdiyyələr üzrə büdcə gəliri adambaşına 4,9 dollardır”.

Ekspert bildirib ki, ötən il bələdiyyələrdə büdcə daxilolmaları 43 milyon 77 min manat olub. Əvvəlki illə müqayisədə icra olunmuş büdcə 6,9 milyon manat, və yaxud 13,9 faiz azalıb. Adambaşına gəlir isə 4,9 faiz təşkil edib. Onun sözlərinə görə, ötən il yerli büdcələrin gəlirlərinin proqnozlaşdırılan gəlirləri 75 milyon 93 manat olub və bunun 54,7 faizi olunub.

Tədqiqat zamanı məlum olub ki, ötən il yerli büdcə gəlirinin 18 milyon 972 min manatı və ya 44 faizi Bakı və Abşeron yarımadasının payına düşür. Bu regionda bir bələdiyyənin büdcə gəlirlərinin orta məbləği 274,9 min manat olub. Bakı və Sumqayıtdan sonra ölkənin ən iri şəhərləri hesab olunan Gəncə, Mingəçevir və Şirvanda isə yerli büdcələrin ümumi məbləği 1 milyon 267 min manat təşkil edib. Bu o deməkdir ki, Gəncə, Mingəçevir və Şirvanda bir bələdiyyəyə 211,2 min manat düşür. 48 rayon mərkəzindəki şəhər bələdiyyəsi büdcəsi 7 milyon 78 min 500 manat olub.

Rövşən Ağayev bildirib ki, ötən il Azərbaycan bələdiyyələri torpaq vergisi üzrə 7 milyon 44 min, əmlak vergisindən 2,7 milyon, tikinti materialları üzrə mədən vergisindən 1 milyon 79 min, mənfəət vergisindən 4 min, küçə reklamlarından 91,3 min, sanatoriya, kurort və mehmanxana rüsumundan 220 min 300, avtomobil dayanacaqlarından 154 min 400 manat toplayıb. Ancaq bu sahələr üzrə yığım əvvəlki illə müqayisədə xeyli az olub.

Elxan SALAHOV
# 1233

Oxşar yazılar