Ziyad Səmədzadə: “Büdcəyə yenidən baxılacaq”
24 aprel 2009 16:30 (UTC +04:00)

Ziyad Səmədzadə: “Büdcəyə yenidən baxılacaq”

İnvestisiya layihələrinin bir qismi təxirə salınacaq, sosial xərclər isə əksinə, artırılacaq

May ayının ortalarınadək Milli Məclisdə “2009-cu il dövlət büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparılacaq. Müzakirələr zamanı büdcənin sosial və investisiya xərclərinə ciddi dəyişikliklərin ediləcəyi gözlənilir.

Lent.az-ın məlumatına görə, Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, indiki vəziyyətdə dövlət büdcəsinə yenidən baxılması olduqca vacibdir: “Çünki obyektivlik naminə büdcəyə müəyyən dəyişikliklər olmalıdır. Düzdür, bir çox ölkələrdə iqtisadi tənəzzül sürətləndiyi halda, Azərbaycanda bu sahədə vəziyyət yaxşılaşır. Ancaq biz sosial proqramların həyata keçirilməsini gücləndirməliyik. Həmçinin sahibkarlığın inkişafı üçün mövcud imkanlardan istifadə etməliyik”.

Komissiya sədri deyib ki, qlobal iqtisadi böhranın Azərbaycana vura biləcəyi zərərin minimuma endirilməsi üçün aqrar sektorun inkişafına, o cümlədən kənd təsərrüfatı məhsullarının yerli və xarici bazarlara çıxış imkanlarına təmin yaradılacaq. Onun sözlərinə görə, büdcədə nəzərdə tutulan investisiya proqramları yenidən nəzərdən keçiriləcək və onların bir qismi təxirə salına bilər. Əvəzində isə sosial yönümlü layihələrə ayrılan xərclərin məbləği artırılacaq.

Büdcədə neftin qiymətinin dəyişib-dəyişməyəcəyinə gəlincə, Ziyad Səmədzadə mövcud balansın qorunub saxlanacağını deyir. Onun sözlərinə görə, neft büdcədə nəzərdə tutulan 70 dollardan nə qədər aşağı qiymətə satılsa da yaranan kəsir Dövlət Neft Fondunun vəsaitləri hesabına ödəniləcək.

Elxan SALAHOV
# 1072

Oxşar yazılar