418 layihəyə 3,3 milyard manat xərclənəcək
09 fevral 2011 14:07 (UTC +04:00)

418 layihəyə 3,3 milyard manat xərclənəcək

Nazirlər Kabineti 2011-ci ilin investisiya proqramına nəzərdə tutulan proqramlar və bu istiqamətə ayrılan xərclərin bölgüsünü açıqlayıb.

Lent.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 26 yanvar tarixli 21 saylı sərəncamı ilə təsdiqlənən investisiya proqramı çərçivəsində 418 layihəyə ümumilikdə 3 milyard 380 milyon manat xərclənməsi nəzərdə tutulur. İnvestisiya proqramında ən böyük xərc istiqamətləri yenə də nəqliyyat layihələrinin payına düşür. Nəqliyyat layihələri arasında ən böyük vəsait isə Beynəlxalq Hava Limanı-Mərdəkan dairəsi-Bilgəh yolunun tikintisi üçün ayrılıb. Belə ki, bu il həmin layihəyə 120 milyon manat xərclənməsi nəzərdə tutulur.

İnvestisiya proqramı çərçivəsində nəqliyyat layihələrinin maliyyə tutumuna görə ikinci böyüyü “Gənclik dairəsi”ndə inşa edilən yol kompleksidir. Proqramda bu layihəyə 80 milyon manat ayrılıb. Bu isə ötən il ayrılan 225 milyon manatla birlikdə 305 milyon manat deməkdir.

Bundan başqa, bu il Bakı şəhərində “Nəqliyyatın intellektual idarə edilməsi” layihəsinə dövlət büdcəsindən 20 milyon manat ayrılıb. Hökumət bu il həmçinin “Magistral yol-2" layihəsi üçün 90 milyon, Bakı-Şamaxı yolunun genişləndirilməsinə 15 milyon, Beynəlxalq Dəniz Limanına 50 milyon manat yönəldəcək.

İnvestisiya proqramı çərçivəsində bu il Bakı Şəhər İcra Hakimiyyətinə 102,4 milyon manat ayrılması nəzərdə tutulub. Bu vəsaitin 73,4 milyon manatı tarixi binaların təmiri və fəvvarələrin tikintisinə xərclənəcək. Təhsil Nazirliyinə isə 88 milyon manat ayrılıb ki, bunun da 44 milyon manatı qəza vəziyyətində olan məktəblərin təmirinə xərclənəcək.

İnvestisiya proqramında “Azərsu” ASC, AZAL Dövlət Konserni, Bakı Metropoliteni, “Bakıelektrikşəbəkə” ASC və “Azərenerji” ASC-yə ümumilikdə 679,2 milyon manat vəsait ayrılıb. Bu isə ümumilikdə 2011-ci ilin dövlət investisiya xərclərinin 20 faizi deməkdir. Ən maraqlı məqamlardan biri odur ki, bu il həmin proqramda “Bakıelektrikşəbəkə” ASC-yə 50 milyon manat vəsait ayrılacaq.

Elxan SALAHOV
# 612

Oxşar yazılar