“AZAL”a Avropa Xidmət Standartı verilib
10 fevral 2011 10:57 (UTC +04:00)

“AZAL”a Avropa Xidmət Standartı verilib

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə Avropa Xidmət Standartı verilib.

Lent.az-ın məlumatına görə, Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurası belə bir qərarı qəbul edib. Standartın fəxri diplomu “AZAL”ın baş ofisində EEİG-nin Azərbaycandakı nümayəndəliyinin prezidenti Nizami Piriyev tərəfindən “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyevə təqdim edilib.

Xatırladaq ki, Avropa İTS Palatasının təsis etdiyi Avropa Xidmət Standartı yüksək səviyyədə xidmətə nail olmaq və müştərilərin məmnunluğunu saxlamaq üçün çalışan aparıcı şirkətlərə təsis edilən seçilmə nişanıdır. Standartın “EuSS Mavi”, “EuSS Gümüşü”, və “EuSS Qızıl” dərəcələri var. “Azərbaycan Hava Yolları” Avropa Xidmət Standartının ən yüksək “EuSS Qızıl” dərəcəsinə layiq görülüb. Bu dərəcə Avropa İTS Palatası tərəfindən “qiymətləndirilən müəssisənin müasir xidmət göstərməyə yönəldilmiş nümunəvi müəssisə üçün irəli sürülən tələblərə cavab verən və bundan başqa öz üstün xidmətlərini bütün sahələrdə nümayiş etdirə bilən” şirkət kimi təsdiq etdiyi seçmə müəssisələrə təqdim olunur.

Yeri gəlmişkən, “Azərbaycan Hava Yolları” QSC ölkəmizdə bu Standartla təltif olunan tək şirkətdir. Şirkət Avropa Xidmət Standartı nişanını möhür kimi üz sənədlərində istifadə etmək hüququna malikdir.

“Azərbaycan Hava Yolları” Azərbaycanın nəhəng aviaşirkəti və milli aviadaşıyıcısıdır. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) üzvüdür. Avropa, MDB, Yaxın Şərq və Asiya ölkələrinə sərnişin daşımaları həyata keçirir. 2014-cü ildə uzaq uçuş məsafəsinə malik olan “Boeing” təyyarələrinin yeni partiyası alındıqdan sonra Şimali Amerika və Cənubi-Şərqi Asiya ölkələrinə daimi marşrutların açılması planlaşdırılır. İndi "Azərbaycan Hava Yolları" Azərbaycanın Milli Daşıyıcısı kimi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasında (İATA) layiqli yer və MDB ölkələrinin aviaşirkətləri arasında lider mövqe tutur. "Azərbaycan Hava Yolları" həm regionda, həm də MDB-də yeni avialaynerlərin sayına görə liderlərdən biri sayılır.
# 654

Oxşar yazılar