İTM-dən hökumətə 4 təklif
10 fevral 2011 15:37 (UTC +04:00)

İTM-dən hökumətə 4 təklif

İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Tarif Şurasının dəmir yolu, su və poçt xidmətlərinin qiymətlərinin qaldırılmasına dair son qərarı ilə bağlı hökumətə təkliflər təqdim edib.

İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a verilən məlumata görə, Tarif Şurasının bu qərarı əhalinin həyat səviyyəsinə mövcud şərtlər daxilində mənfi təsir edir. Belə ki, son illərdə müşahidə olunan iqtisadi artım templərinin azalmasına rəğmən əhalinin median gəlirlərinin dəyişməz qalması məlum qərardan sonra bu gəlirlərin azalacağını deməyə əsas verir. İTM yeni qiymətlərin tətbiqi nəticəsində ailə büdcəsinin xərclərinin çoxalacağının və istehlakın strukturunun dəyişəcəyini nəzərə alaraq, hökumətə tövsiyə xarakterli 4 təklif verib.

Həmin təkliflərin birincisi martın 1-dən etibarən büdcə təşkilatında çalışanların əmək haqlarının artırılmasını nəzərdə tutur. Lakin İTM ekspertləri hesab edir ki, bu halda mütləq “inflyasiya-əmək haqqı” spiralvarı təsirini nəzərə almaq lazımdır. Odur ki, büdcə sferasında çalışanlara, xüsusilə də həkimlərə, müəllimlərə, mədəniyyət işçilərinə münasibətdə ədalətli səviyyədə əməyin ödənilməsi siyasətinə nail olmaq üçün ən azı inflyasiyanın gerçək səviyyəsinə (İTM-in alternativ hesablamalarına görə, 2010-cu il üçün orta illik inflyasiya səviyyəsi 11,45 faiz olub) müvafiq surətdə əmək haqları və pensiyalar artırılmalıdır.

İkinci tövsiyə minimum istehlak səbətinin strukturuna, minimum normalara yenidən baxılması barədədir. İTM-də hesab edirlər ki, Tarif Şurasının son qərarının və digər amillərin təsiri ilə qiymətlərin artımı böyük ehtimalla əhalinin istehlak strukturunun dəyişməsinə gətirib çıxaracaq. Yaşayış minimumu təkcə əmək qabiliyyətli əhali, 0-14 yaşlı uşaqlar, pensiyaçılar üçün deyil, həmçinin əlillər, yaş qrupları (0-6, 6-10, 10-14 ) üzrə hesablanmalıdır. Yaşayış minimumu eyni zamanda regionlar və mərkəz üzrə də ayrıca hesablanmalıdır. Bunlardan çıxış edərək istehlak səbətinin strukturuna, konkret olaraq, yaşayış minimumunun dəyəri ilə bağlı Nazirlər Kabinetinin 30 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq olunmuş normativlərə yenidən baxılmalıdır.

Növbəti təklif yoxsulluğun qiymətləndirilməsi metodlarının təkmilləşdirilməsini nəzərdə tutur. Beynəlxalq praktikada yoxsulluğun ölçülməsi zamanı nisbi metoddan istifadə edilir. Belə ki, yoxsulluq həddi cəmiyyətdə orta gəlir səviyyəsinin faizinə uyğun hesablanır. Bu metodologiyanın tətbiqi Azərbaycanda yoxsulluğun səviyyəsi barədə daha dəqiq təsəvvür yaratmağa imkan verərdi. Azərbaycanda yoxsulluğun hesablanması zamanı təkcə gəlirlər deyil, həm də istehlak səviyyəsinə və maddi rifah halına (mənzil şəraiti və s.) uyğun olaraq hesablama aparılmalıdır. Bu yolla yoxsulluğun hesablanması zamanı daha çox arqument nəzərə alına bilər. Azərbaycanda yoxsulluq həddi ilə yoxsulların istehlak səviyyəsi arasında fərq hesablanmalıdır. Belə yanaşma imkan verəcək ki, yoxsulluğun ixtisarına yönəldilən vəsaitlərin həcmi əvvəlcədən dəqiq proqnozlaşdırılsın. Beləliklə, yoxsulluq əleyhinə dövlət siyasəti daha səmərəli, hesabatlı və şəffaf ola bilər.

Nəhayət, İTM ekspertləri ünvanlı sosial yardımdan sosial reabilitasiya keçid təmin olunmasını təklif edir. Təşkilatda hesab edirlər ki, bu il ərzində yalnız ehtiyac meyarının artırılmasından söhbət getməməlidir, həmçinin bu addımla yanaşı, kommunal xidmət haqqının aztəminatlı ailələrin istehlakının strukturunda payına müvafiq olaraq ünvanlılığın təmin edilməsi zəruridir. Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardım tədbirləri mövcud yardım və müavinətlərin sayının artırılması ilə deyil, bu sistemdə keyfiyyət dəyişikliklərinin aparılması yolu ilə sosial reabilitasiya imkanlarının artırılmasına yönəldilməlidir.

İTM hesab edir ki, əhalinin həyat səviyyəsinin artan inflyasiya təsirlərindən qorunması və maddi rifah halının daim yüksəldilməsi sahəsində preventiv tədbirlərin Tarif Şurasının qərarlarından əvvəl işlənilməsi zəruridir.

Elxan SALAHOV
# 752

Oxşar yazılar