Bank işçilərinə treninqlər keçirilir
22 fevral 2011 13:00 (UTC +04:00)

Bank işçilərinə treninqlər keçirilir

Mərkəzi Bank banklarda kredit portfelinin idarə olunması, risk idarəetmə potensialının gücləndirilməsi və stress testləşdirmənin təkmilləşdirilməsi üzrə işlərini davam etdirir.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu məqsədlə SECO təşkilatının dəstəyi ilə Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi (TİM) Azərbaycan Bank Tədris Mərkəzi (ABTM) ilə birgə “Stress testləşdirmə” və “Kredit portfelinin idarə olunması” mövzularında treninqlər təşkil edib. Treninqlər nüfuzlu beynəlxalq təhsil ocaqlarından olan Vaterloo Universitetinin təcrübəli professoru Tomas Koulman və fəlsəfə doktoru Deyvid Saunders tərəfindən ingilis dilində aparılır.

“Stress testləşdirmə” mövzusundakı treninq 22 fevral, “Kredit portfelinin idarə olunması” mövzusundakı treninq isə 24-25 fevral tarixlərində keçiriləcək. Treninqlərdə stress-testlərin mahiyyəti və stress-testin aparılması metodologiyası, kredit portfelinin idarə olunması məsələləri geniş müzakirə olunacaq, nəzəri biliklər ilə yanaşı praktiki alətlər təqdim olunacaq. Treninqlərin stress testləşdirmə və kredit portfelinin idarə olunması üzrə iştirakçıların biliklərinin təkmilləşməsinə xidmət edəcəyi gözlənilir.

Treninqdə AMB və kommersiya banklarının müvafiq sahədə çalışan əməkdaşları iştirak edirlər. Treninqlərin sonunda iştirakçılara AMB-nin, ABTM-nin və Vaterloo Universitetinin birgə sertifikatı təqdim olunacaq.
# 623

Oxşar yazılar