Azərbaycan və Argentina arasında gömrük sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb
25 fevral 2011 11:38 (UTC +04:00)

Azərbaycan və Argentina arasında gömrük sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev fevralın 22-də Argentinaya rəsmi səfəri çərçivəsində bu ölkənin Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayla görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə iki ölkənin gömrük xidmətlərinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb və gömrük sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

AFİP-in binasındakı geniş akt zalında Argentinanın iqtisadi yönümlü dövlət qurumlarının, işgüzar dairələrinin, xüsusilə də müxtəlif sahələr üzrə ticarət və sənaye palatalarının, iqtisadi, sənaye, istehsalçılar, həmkarlar birliklərinin və ölkənin aparıcı KİV-lərinin iştirakı ilə konfrans da keçirilib. Konfransda Aydın Əliyev, Rikkardo Eçeqaray, Azərbaycanının Argentindakı səfiri Məmməd Əhmədzadə və AFİP-in Gömrük Baş Direktorluğunun rəhbəri Maria Siamora Ayeran çıxış ediblər.

Daha sonra Aydın Əliyev və Rikkardo Eçeqaray tərəfindən “Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş” imzalanıb. Tərəflər Argentinanın aparıcı mətbuat, o cümlədən televiziya kanalları, qəzetlər, jurnallar və elektron KİV-lərinin nümayəndələrinin suallarına cavab veriblər.

Günün ikinci yarısında Buenos-Ayresin “Alvear Palace” otelində Dövlət Gömrük Komitəsinin və Argentinadakı səfirliyimizin birgə təşkilatçılığı ilə “Argentinada Azərbaycan Gömrüyü Günü” adlı tədbir keçirilib. Tədbirə Argentina hökumət və qanunvericilik orqanının, ölkədə akkreditə olunmuş diplomatik korpusun, təhsil, elmi-tədqiqat mərkəzlərinin, universitetlərin, kitabxanaların, işgüzar dairələrin, mədəniyyət və incəsənət aləminin, KİV-lərin və Argentinadakı Azərbaycan icmasının nümayəndələri qatılıblar. Səfir Məmməd Əhmədzadə ölkəmizin reallıqları və Argentina ilə əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Aydın Əliyev isə Azərbaycan gömrük xidmətinin keçdiyi yol və Dövlət Gömrük Komitəsi tərəfindən müxtəlif ölkələrdə təşkil olunmuş tədbirlər barədə təqdimat xarakterli nitq söyləyib.

Bundan sonra Azərbaycan milli və klassik musiqisindən ibarət konsert başlayıb. Konsertdə pianoçu Vüqar Camalzadə, solistlər Zaur Əmiraslanov və Aysel İbrahimovanın ifa etdikləri milli, habelə ispan, italyan və portuqal dillərində klassik və estrada mahnıları iştirakçıların rəğbətini qazanıb.

Tədbir “Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından” adlı sərgi ilə davam etdirilib. Aydın Əliyev və Rikardo Eçeqaray sərginin açılışı ilə bağlı qırmızı lenti kəsiblər. Sərgidə Dövlət Gömrük Komitəsi tərəfindən müsadirə olunmuş Azərbaycanda qaçaqmalçılıqla keçirilməsinə cəhd göstərilən qiymətli tarixi əşyaların və müxtəlif dinlərə məxsus eksponatların, Azərbaycan gömrük xidmətinin fəaliyyət tarixinə həsr olunmuş rəsm və incəsənət əsərlərinin, indiyə qədər müxtəlif ölkələrdə keçirilmiş müvafiq sərgilər barədə stendlərin və filmlərin nümayişi sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Tədbir çərçivəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən nəşr edilmiş “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyü tarixi təsviri sənətdə”, “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik”, “Azərbaycan gömrük muzeyləri” adlı kitabların da təqdimatı keçirilib. Sonda milli simvollar və suvenirlər ilə bəzədilmiş masalarda milli mətbəximizin təqdimatından ibarət ziyafət verilib.

Qedy edək ki, Aydın Əliyev Argentinanın nüfuzlu “El Guardian”, “La Revista Diplomatica” və “Agenda Diplomatica” jurnallarına müsahibələr verib, tədbirlər Argentina KİV-ləri tərəfindən geniş şəkildə işıqlandırılıb.
# 669

Oxşar yazılar