Gömrük prosedurları sadələşdirildi
25 fevral 2011 19:42 (UTC +04:00)

Gömrük prosedurları sadələşdirildi

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında Fərman imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin sosial müdafiəsini gücləndirmək, gömrük işi sahəsində proseduraları sadələşdirmək və şəffaflığı artırmaq məqsədi ilə gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq. Prezident Dövlət Gömrük Komitəsinə, Daxili İşlər və Ədliyyə nazirliklərinə tapşırıb ki, Azərbaycan ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, daimi uçota alınması, nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyatı nişanının verilməsi, habelə nəqliyyat vasitələrinə sahiblik, istifadə və sərəncam hüquqlarının verilməsi ilə əlaqədar prosedurların “bir pəncərə” prinsipi əsasında sadələşdirilməsini üç ay müddətində təmin etsinlər. Dövlət Gömrük Komitəsi qanunvericiliklə müəyyən edilmiş bütün gömrük ödənişlərinin yalnız bank və ya plastik kart vasitəsilə alınmasını təmin etməli, gömrük orqanlarında göstərilən xidmətlərin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq etməli, Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə ciddi riayət edilməsinə nəzarəti gücləndirməlidir.
# 881

Oxşar yazılar