Argentinalı iş adamları Azərbaycana gələcəklər
28 fevral 2011 11:03 (UTC +04:00)

Argentinalı iş adamları Azərbaycana gələcəklər

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Sədri Aydın Əliyev Argentinaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Aydın Əliyev öncə Argentinanın sənaye naziri Debora Giorgi ilə görüşüb.
Görüşdə iki ölkə arasında ticarət dövriyyəsinin hazırkı vəziyyəti və iqtisadi əlaqələrin genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Debora Giorgi cari il ərzində Argentina iş adamlarının müşayiəti ilə Azərbaycana səfərinin planlaşdırıldığını bildirib.
Aydın Əliyev səfər çərçivəsində Argentinanın ən iri biznes strukturları olan Argentina Sənayeçilər İttifaqının prezidenti Miguel Asebedo və Buenos-Ayres Ticarət Birjasının prezidenti Adelma Gabbi arasında fərdi görüşlər də keçirilib. Görüşlərdə Azərbaycan-Argentina iqtisadi əməkdaşlığının genişləndirilməsinə bu strukturların cəlb olunması imkanları müzakirə edilib.
Daha sonra Dövlət Gömrük Komitəsinin sədri Latın Amerikasının ən iri kitabxanalarından biri olan Argentina Respublikası Milli Kitabxanasının direktoru Orasio Qonzales ilə görüşüb və kitabxanaya Dövlət Gömrük Komitəsi tərəfindən nəşr olunmuş “Azərbaycan gömrüyü mədəni irsin keşiyində”, “Azərbaycan gömrüyü tarixi təsviri sənətdə”, “Azərbaycan gömrüyü: tarixi ənənələr və müasirlik”, “Azərbaycan gömrük muzeyləri” adlı kitabları təqdim edib.

Səfər çərçivəsində Latın Amerikasının ən nüfuzlu incəsənət muzeylərindən olan Argentina Milli İncəsənət Muzeyinin direktoru Maria İnes ilə də görüş keçirilib. Muzeyə Qarabağ və Şirvan xalçaçılıq məktəbləri tərəfindən toxunmuş xalçaları hədiyyə edilib.
# 666

Oxşar yazılar