Dünya Bankının nümayəndələri dəmiryolçularla görüşdü - FOTO
07 mart 2011 13:13 (UTC +04:00)

Dünya Bankının nümayəndələri dəmiryolçularla görüşdü - FOTO

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Dünya Bankının nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Lent.az-a bildirib ki, görüş “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar “Dəmir Yolu Ticarətinin və Nəqliyyatının dəstəklənməsi” layihəsi çərçivəsində baş tutub. Onun sözlərinə görə, Səhmdar Cəmiyyətin sədr müavini Qurban Nəzirov qonaqları salamladıqdan sonra dəmir yolunda həyata keçirilən islahatlar, qarşıda duran vəzifələrdən danışıb.


Qurban Nəzirov bildirib ki, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində gərgin işlər gedir. Artıq lokomotivlərin satınalması ilə əlaqədar tender keçirilib və 5 şirkətin təklifləri öyrənilir. Həmçinin, Neft Dağılmalarına Cavab Tədbirlərinin Planı (NDCTP) ilə bağlı ciddi müzakirələr gedir, gələcəkdə BMHS–nin tətbiqi ilə bağlı G&G consulting şirkətinin dəstəyi ilə artıq treninqlər keçirilir.


Missiyanın Tapşırıq Qrupunun rəhbəri Ben Gericke isə çıxışında investisiya layihələrinin reallaşması istiqamətində indiyədək görülən işləri yüksək qiymətləndirib. Dünya Bankının rəsmisi bundan sonra görüləcək işlərinin ləngiməməsi üçün öz tövsiyələrini Azərbaycan dəmiryolçularına çatdırıb.


Görüşdə iştirak edən Dünya Bankının rabitə və işarəvermə üzrə mütəxəssisi Stefan Leonard, lokomotiv üzrə mütəxəssisi Hari Sind çıxış edərək müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini bildiriblər.


Sonda ikitərəfli görüşlərin bundan sonra da intensiv davam etdirilməsi qərara alınıb.

Elxan SALAHOV
# 663

Oxşar yazılar