Parlamentdə ötən il büdcəsinin icra göstəriciləri açıqlanıb
27 may 2011 13:10 (UTC +04:00)

Parlamentdə ötən il büdcəsinin icra göstəriciləri açıqlanıb

Lent.az-ın məlumatına görə, iclasda maliyyə naziri Samir Şərifov çıxış edərək, büdcənin icra göstəricilərini açıqlayıb. O, qeyd edib ki, Azərbaycanın 2010-cu il dövlət büdcəsinin gəlirləri 11 402,5 mln. manat, xərcləri isə 11 766,0 mln. manat təşkil edib. Ötən il üçün dövlət büdcəsinin gəlirləri 11 505,0 mln. manat, xərcləri isə 12 275,3 mln. manat həcmində proqnozlaşdırılırdı. Göründüyü kimi, proqnoz gəlirlər üzrə 0,9%, xərclər üzrə isə 4,1% kəsirlə icra olunub.

Ötən il büdcə gəlirlərinin 4 292,8 mln. manatı (və ya proqnozdan 4% az) Vergilər Nazirliyi, 1 101,7 mln. manatı (+0,2%) Dövlət Gömrük Komitəsi (DGK), 5,4 mln. manatı (+8%) Əmlak Məsələləri Dövlət Komitəsi, 5 915,0 mln. manatı (proqnoza tam uyğun) Dövlət Neft Fondu (ARDNF) tərəfindən, 87,6 mln. manatı isə (5,8 dəfə çox) sair gəlirlər hesabına daxil olub. Eyni zamanda, ötən il ərzində Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmaları 2009-cu ilə nisbətən 4,4%, Əmlak Məsələləri Dövlət Komitəsi üzrə 8%, ARDNF üzrə 20,3% artıb, DGK üzrə 1%, sair gəlirlər isə 51,3% azalıb.

Xərclərə gəldikdə isə, nazir bildirib ki, 2010-cu ildə dövlət büdcəsindən 794,3 mln. manat (proqnozdan 17,9% az) ümumi dövlət xidmətlərinə, 1 185,2 mln. manat (-1,7%) müdafiə, 668,5 mln. manat (-6,2%) məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq, 1 181,4 mln. manat (-4,8%) təhsil, 429,4 mln. manat (-11,6%) səhiyyə, 1 123,0 mln. manat (-1,7%) sosial müdafiə və sosial təminat, 168,4 mln. manat (-2,4%) mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət, 199,9 mln. manat (-0,6%) mənzil və kommunal təsərrüfatı, 372,1 mln. manat (-2,5%) kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf münitin mühafizəsi, 4 147,0 mln. manat (-0,6%) sənaye, tikinti və faydalı qazıntılar, 55,1 mln. manat (-26,1%) nəqliyyat və rabitə sahələrinə, 115,9 mln. manat (-7,3%) iqtisadi fəaliyyət, 1 325,8 mln. manat isə (-4,9%) əsas bölmələrə aid edilməyən xidmətlərə sərf olunub.

Mübariz Aslanov
# 633

Oxşar yazılar