2011-ci ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi
27 may 2011 14:45 (UTC +04:00)

2011-ci ilin dövlət büdcəsinə dəyişikliklər təsdiqləndi

Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” və “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklər haqqında” qanun layihələri müzakirəyə çıxarılıb. İclasda çıxış edən Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, iqtisadi sahədə əldə edilən uğurlar büdcənin formalaşması üçün stimul yaradıb.

Onun sözlərinə görə, ÜDM-in artımı təmin edilib, qeyri-neft sektorunun inkişafı ilə bağlı strategiya həyata keçirili, Mərkəzi Bankın tədiyyə balansının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər müsbət nəticə verir. O həmçinin bildirib ki, 2010-cu ildə ÜDM 41.6 milyard dollar olub ki, bu da 2011-ci illə müqayisədə 7.8 dəfə çoxdur. Azərbaycan adambaşına düşən məhsul istehsalına görə, inkişaf etmiş ölkələrə yaxınlaşıb. 2011-ci ildə Azərbaycanda valyuta ehtiyatları 1.4 milyard idisə hazırda ölkəmizin valyuta ehtiyatları 30 milyarda çatıb. Əhalinin pul gəlirlərinin indeksi 2 dəfə artıb. Komitə sədri vurğulayıb ki, 2010-cu ilin büdcəsi yüksək səviyyədə icra olunub. “Bununla belə bir sıra rayonlarda büdcə gəlirlərinin formalaşmasında problem var. Büdcənin vergi borcları kifayət qədərdir. Bu sahədə işlər daha da gücləndirilməlidir. Əmək müqavilələrinin bağlanmasına nəzarəti gücləndirsək vergi daxilolmaları da artar, eyni zamanda özlərini işsiz kimi adlandıranların sayı azalar” - deyə, komitə sədri vurğulayıb. Z.Səmədzadə bildirib ki, gömrük azadolmalarına bir daha baxılmalıdır. Onun fikrincə, əks haLda ölkədə yerli istehsalın vəziyyəti çətinləşə bilər.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov bildirib ki, 2011-ci il dövlət büdcəsinin gəlirləri 3 493,2 mln. manat məbləğində artırılır. Onun sözlərinə görə, bu artımdan sonra 2011-ci il dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat olacaq ki, bu da təsdiq edilmiş proqnoza nisbətən 29 faiz çoxdur. S. Şərifov söyləyib ki, büdcə gəlirlərinin artımının 770 mln. manatı vergi və gömrük daxilolmaları, 2,7 mlrd. manatı isə Dövlət Neft Fondundan transfert hesabına təmin ediləcək: “Dəyişikliklər layihəsi ilə 2011-ci il dövlət büdcəsinin xərcləri isə 15 941,2 mln. manat təşkil etməklə 2011-ci il üçün təsdiq edilmiş ilkin büdcə xərclərinə nisbətən 3 193,2 mln. manat və ya 25 faiz artırılır. Artımdan sonra xərclərin 48,4 faizini və ya 7 716,5 mln. manatını cari xərclər, 49,4 faizini və ya 7 878,0 mln. manatını əsaslı xərclər, 2,2 faizini və ya 346,7 mln. manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək”.

O, qeyd edib ki, cari xərclərin artırılması üçün nəzərdə tutulan 698,0 mln. manatın 462,7 mln. manatı və ya 66,3%-i ilk növbədə pensiya təminatı sistemində aparılan islahatlara əlaqədar 2006-cı il yanvarın 1-dək təyin edilmiş pensiya məbləği ilə sonrakı dövrdə təyin edilən pensiya məbləği arasındakı fərqin aradan qaldırılması üçün 2010-cu il yanvarın 1-dən tətbiq edilən əmək stajının pensiya kapitalına çevrilməsi prinsipinin 2006-cı il yanvarın 1-dək və 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərə tətbiq edilməsinə, həmçinin dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan təşkilatlarda (təhsil, elm, səhiyyə, sosial təminat, mədəniyyət, kənd təsərrüfatı, meliorasiya, ətraf mühitin mühafizəsi) çalışanların, hərbi qulluqçuların, xüsusi rütbəli əməkdaşların və digər işçilərin əmək haqları, sosial müavinətlər və təqaüdlərin maliyyələşdirilməsi xərclərinə yönəldiləcək. O həmçinin qeyd edib ki, dövlət büdcəsinin dəqiqləşməsi ilə dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə xərclərin 77,8 faizi həcmində və yaxud 2 484,1 mln. manat vəsait yönəldiləcək ki, bu da həmin xərclər üzrə təsdiq edilmiş ilkin göstəriciyə nisbətən 73,5 faiz çoxdur: “Büdcə kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 687 mln. manat vəsaitin əlavə gəlirlər hesabına 300 mln. manat azaldılması nəzərdə tutulur”.

Nazir həmçinin bildirib ki, Milli Məclisə təqdim olunmuş layihədə dövlət və icmal büdcələrin gəlirlərinin hesablanmasında istifadə olunan neftin 1 barelinin qiyməti 20 ABŞ dolları artırılaraq 80 ABŞ dollarına çatdırılıb.

Millət vəkili Tahir Rzayev cari ilin büdcəsinə əlavə və dəyişikliklər barədə danışıb. O, qeyd edib ki, 2011-ci il dövlət büdcəsinin təxminən 15 milyarda çatdırılması ciddi hadisədir. “Büdcəyə olan artım insanların bölgələrdə möhkəmlənməsinə, sahibkarlığın inkişafına şərait yaradacaq” - deyə, millət vəkili bildirib.

Elmira Axundova bildirib ki, bu gün ölkədə zabitlərin, həkimlərin və müəllimlərin maaşları aşağıdır və yaxşı olardı ki, büdcəyə olan dəyişikliklərdə onların məvacibləri artsın. “İcra hakimiyyəti orqanlarında işləyənlərin də əməkhaqqıları çox aşağıdır. Burada aşağı vəzifə tutanların maaşları 150-170 manatdan artıq olmur” - deyə, E.Axundova vurğulayıb. O, qeyd edib ki, Azərbaycan gənclərin xaricdə oxuyub gəlməsi üçün milyonlarla vəsait ayırır. “Həmin gənclərə də bu gün ölkədə dövlət orqanlarında aylıq məvacibi 200-250 manat civarında olan iş təklif edirlər. Bununla nəinki ailə saxlamaq, heç özlərini dolandıra bilmirlər. Yuxarı çinli dövlət məmurları ilə aşağı vəzifəli dövlət məmurlarının maaşları arasında böyük fərq var. Hesab edirəm ki, bu dəyişikliklərlə bu fərq aradan qaldırılmalıdır” - deyə, millət vəkili bildirib. Deputat təklif edib ki, gənclərin şəhərə axının qarşısı alınması üçün bölgələrdə peşə məktəblərinin fəaliyyəti bərpa olunsun.

YAP-dan olan deputat Aydın Mirzəzadə deyib ki, ötən il dünyada iqtisadi böhranlara baxmayaraq Azərbaycanın ötən il öz daxili resurslarına söykənən büdcə qəbul edib və onu yerinə yetirib. Onun fikrincə, bu, yüksək göstəricidir. “Azərbaycanın 2011-ci il büdcəsinə edilən artım 4,8 milyard dollardır. Bu rəqəm Gürcüstanın 4 milyardlıq, Ermənistanın 2 milyardlıq büdcəsindən artıqdır. Bu da o deməkdir ki, Azərbaycanın təkcə artım büdcəsi bu ölkələrin ümumi büdcəsindən artıqdır. Ümid edirəm ki, bu il olduğu kimi büdcədən maliyyələşən təşkilatların məvacibi bundan sonra da artacaq”.

Deputatların geniş müzakirəsindən sonra “Azərbaycan Respublikasının 2010-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi 93 səs çoxluğu ilə, “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinə dəyişikliklər haqqında” qanun isə 97 səs çoxluğu ilə qəbul olundu.

Mübariz Aslanov
# 704

Oxşar yazılar