İngiltərənin məşhur taksiləri Bakıda
06 iyun 2011 14:43 (UTC +04:00)

İngiltərənin məşhur taksiləri Bakıda

Bakının küçələrində bənövşəyi taksilər şütüyəcək


İngiltərədən Bakıya 100 ədəd bənövşəyi rəngli “TX 4” model taksi gətirilib. Lent.az-ın məlumatına görə, ilin sonunadək daha 900 bu model taksi Azərbaycan paytaxtına gətiriləcək və sərnişinlərin ixtiyarına veriləcək.


Bakıya gətirilən taksilər artıq “Azadlıq” meydanında düzülüb. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu gün həmin avtomobillərin təqdimatı olacaq və sürücülərə paylanacaq.


“London Taksi” şirkəti tərəfindən istehsal olunmuş TX 4 modeli yalnız taksi kimi istifadə olunmaq üçün nəzərdə tutulub və Avro-4 standartlarına tam cavab verir. Şəhər daxilində yüksək manevr etmək imkanlarına malik avtomobilin sürücü hissəsinin sərnişin hissəsindən şəffaf arakəsmə ilə ayrılması sərnişinlər üçün rahat mühit yaradan bu avtomobillərin arxa hissəsində nəzərdə tutulmuş üzbəüz oturacaqlarda 5 sərnişin otura bilər. Burada sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.


Bundan əlavə, avtomobil əlil və uşaq arabalarının salona daxil olması üçün xüsusi pandusla təchiz edilib. Avtomobillərə sayğaclar quraşdırılıb. Sərnişinlərin rahatlığı üçün müasir texnologiyalar əsasında qurulan “Call Center” istifadəyə verilib. Gecə-gündüz işləyən dispetçer mərkəzi böyük sayda avtomobillərin səmərəli idarə edilməsi imkanına malikdir və maşınların yerinə, sürətinə, yanacaq sərfiyyatına, mühərrikin işlək olub-olmamasına on-line rejimində nəzarət edilir.

Yeni taksilərdə Azərbaycanda ilk dəfə olaraq taksometrlər də quraşdırılıb və sərnişinlər bu avtomobillərdə getdikləri hər 1 kilometr üçün 70 qəpik ödəyəcəklər.


Nizam RZA
# 1385

Oxşar yazılar