“Azərenerji” müəssisələrində müsabiqə-baxış keçirilib
06 iyun 2011 19:56 (UTC +04:00)

“Azərenerji” müəssisələrində müsabiqə-baxış keçirilib

“Azərenerji” ASC-nin müəssisələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikasının vəziyyətinə dair hər il keçirilən ənənəvi müsabiqə-baxış yekunlaşıb.

Lent.az-ın “Azərenerji” ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, müsabiqə-baxışın məqsədi sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması, dövri tibbi müayinələrin, təhlükəsizlik texnikası günlərinin, qəza və əks-yanğın məşqlərinin keyfiyyətlə aparılması, işçilərin istirahətinin səmərəli təşkil edilməsi sahəsində fərqlənən energetika müəssisələrini müəyyənləşdirməkdir.

“Azərenerji" ASC ilə onun Vahid Həmkarlar İttifaqı Komitəsi arasında bağlanmış Kollektiv Müqavilə əsasında keçirilən müsabiqə-baxışda elektrik enerjisinin istehsalı, ötürülməsi, enerji təchizatı müəssisələri və sahə xidmət təşkilatları iştirak edirlər. Müəssisələr tərəfindən təqdim olunan sənədlər, iş yerlərinə keçirilən baxışlar əsasında təşkilat komissiyasına müvafiq arayışlar təqdim olunur.

Budəfəki müsabiqə-baxışda müəssisələr tərəfindən təqdim olunan sənədlərin təhlili ilə yanaşı, həm də son zamanlar “ISO 9001/14000 Beynəlxalq Standartlar”ın tələblərinə əsasən görülən işlər, Əməyin Mühafizəsi Xidmətinin arayış və məlumatları, müvafiq idarələrin təklifləri nəzərə alınıb. Komissiya qalib müəssisələri müəyyənləşdirib.

Yeri gəlmişkən, 2010-cu ilin yekunlarına görə, enerjinin istehsalı müəssisələri arasında “Şəki Elektrik Stansiyası” birinci yerə layiq görülüb. “Səngəçal Elektrik Stansiyası” və “Şəmkir Su Elektrik Stansiyaları Silsiləsi” isə ikinci yeri bölüşüblər. Elektrik enerjisinin ötürülməsi müəssisələri arasında “Abşeron Regional Elektrik Şəbəkəsi” (REŞ) birinci yeri tutub. “İmişli” və “Şəki” REŞ-lər isə ikinci yerdə qərarlaşıb.

Enerji təchizatı müəssisələri və sahə xidmət təşkilatları arasında birinci mükafatın sahibi Hərbiləşdirilmiş Mühafizə Dəstəsi olub. İkinci yeri Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu və Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi tutub.
# 721

Oxşar yazılar