Fransa-Azərbaycan İKT Forumu təşkil ediləcək
08 iyun 2011 12:46 (UTC +04:00)

Fransa-Azərbaycan İKT Forumu təşkil ediləcək

BMT-nin baş katibi Pan Gi Munun himayəsi altında yaradılmış Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyanın(RİGK) 3-cü iclasında iştirak etmək üçün Fransada səfərdə olan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov səfər çərçivəsində “Ariane Space” şirkətinin prezidenti Jan-İv Le Qal, eləcə də, Fransanın energetika və rəqəmli iqtisadiyyat naziri Erik Bessonla görüşüb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Sonra hər iki nazirin rəhbərliyilə Azərbaycan və Fransa İKT şirkətlərinin iştirakı ilə Dəyirmi Masa təşkil olunub. Dəyirmi Masada çıxış Əli Abbasov ölkəmizdə İKT sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib, Azərbaycanın kosmik sənayenin inkişafı, rəqəmli televiziya və internet iqtisadiyyatının qurulması istiqamətində Fransa ilə birgə əməkdaşlıqda maraqlı olduğunu söyləyib. Fransa tərəfi də Azərbaycanda kosmik sənayenin inkişafı istiqamətində atılan addımları müsbət qiymətləndirib və kosmik sənayenin sülh məqsədi ilə istifadəsində ölkəmizlə əməkdaşlığa hazır olduqlarını bildirib.

Daha sonra hər iki ölkənin informasiya texnologiyaları və telekommunikasiya şirkətlərinin nümayəndələri müzakirələri işçi şəraitində davam etdiriblər. Sonda Bakıda Azərbaycanın aparıcı İKT şirkətləri ilə Fransanın sahə üzrə fəaliyyət göstərən şirkətləri arasında Fransa-Azərbaycan İKT Forumunun təşkil edilməsi qərara alınıb.

Görüşlərdə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov da iştirak edib.
# 548

Oxşar yazılar