Azərbaycanda səmt qazı ilə bağlı regional konfrans keçiriləcək
16 iyun 2011 23:10 (UTC +04:00)

Azərbaycanda səmt qazı ilə bağlı regional konfrans keçiriləcək

Sabah Bakıda, ARDNŞ və Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatının təşkilatçılığı ilə səmt qazının yandırılmasının azaldılması və utilizasiyası üzrə Avropa və Mərkəzi Asiya ölkələri mütəxəssislərinin iştirakı ilə konfrans keçiriləcək.


Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə Nazirlər Kabinetinin, ARDNŞ-in, Rusiya, Qazaxıstan, Türkmənistan və Özbəkistanın hökumət qurumlarının, Azərbaycan Respublikasının hökumət və qeyri-hökumət təşkilatlarının, BP-Azərbaycan şirkətinin nümayəndələri iştirak edəcəklər.


ENİ, “Statoil” şirkətlərinin, Norveç Neft Direktoratının, Kanadanın Alberta əyalətinin və “Questor Technology” şirkətinin nümayəndələri də konfransa dəvət olunublar. Hazırda beynəlxalq birlik tərəfindən iqlim dəyişmələri ilə bağlı qaldırılan problemlər səmt qazının havaya atılmasının və ya yandırılmasının azaldılması mövzusunu daha da aktuallaşdırıb. Bu məsələnin həll edilməsi neft hasil edən ölkələr və şirkətlər tərəfindən enerji effektivliyinin artırılmasına və iqlim dəyişmələrinin qarşısının alınmasına potensial töhfə ola bilər. Bakıda keçiriləcək konfransda bu sahəyə aid bir sıra aktual məsələlər - səmt qazının yandırılmasının azaldılması və utilizasiyası üzrə Azərbaycan təcrübəsi, beynəlxalq təşkilatlarda səmt qazının yandırılmasının azaldılması layihələrində tənzimlənmə, hazırlanma və həyata keçirilmə prosedurları müzakirə ediləcək.


Konfransda Nazirlər Kabinetinin şöbə müdiri İlyas Əlizadənin, ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadənin, Dünya Bankının Azərbaycan üzrə meneceri Cozef Ouenin və başqalarının çıxışları gözlənilir. Tədbir iştirakçıları tərəfindən bu istiqamətdə digər ölkələrdə həyata keçirilmiş fəaliyyət və yaranmış çətinliklərin aradan qaldırılması üçün hazırlanmış strateji proqramlar öyrəniləcək.
# 675

Oxşar yazılar