Azərbaycanda fiziki şəxslərin on-line qeydiyyatına başlandı
01 iyul 2011 17:25 (UTC +04:00)

Azərbaycanda fiziki şəxslərin on-line qeydiyyatına başlandı

Ölkədə sahibkarlığın sürətlə inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə aparılan islahatların tərkib hissəsi olaraq Vergilər Nazirliyi tərəfindən sahibkarlığın qeydiyyatının beynəlxalq standartlara tam uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Vergilər Nazirliyi vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin spektrini genişləndirmək istiqamətində bir sıra məqsədyönlü tədbirlər həyata keçirir. Bu tədbirlərdən biri də 2011-ci il iyul ayının 1-dən etibarən sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin vergi orqanlarına gəlmədən İnternet Vergi İdarəsi vasitəsilə birbaşa on-layn rejimində qeydiyyata alınmasına başlanılmasıdır. Biznesin qeydiyyatı sahəsində aparılan radikal dəyişikliklərin davamı olaraq sahibkarların elektron qeydiyyat sisteminin tətbiqi nazirlik tərəfindən Azərbaycan Respublikası əhalisinə göstərilən elektron xidmətlərin keyfiyyətcə daha yeni mərhələyə yüksəlməsinə səbəb olacaq.

Artıq sistemin proqram təminatı hazırlanıb və test rejimində yoxlanılıb. Vergi ödəyicilərinin on-layn qeydiyyatı sisteminin tətbiqi ilə fiziki şəxslər vergi orqanlarına getmədən, vaxt itkisinə yol vermədən ölkəmizin ən böyük dövlət portallarından biri olan Vergilər Nazirliyinin İnternet Vergi İdarəsində istifadəçi kodu və şifrə-parol vasitəsilə uçota alınacaq. 18 yaşı tamam olmuş və şəxsiyyət vəsiqəsi alan hər bir Azərbaycan vətəndaşı artıq on-line rejimində qeydiyyata alına bilər.

Elektron qeydiyyat sisteminin tətbiqi vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi, vergi ödəyiciləri ilə fiziki əlaqə formalarının məhdudlaşdırılması, eyni zamanda həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasına imkan verəcək.
# 578

Oxşar yazılar