Şahdəniz qazının ixracı üçün yollar axtarılır
11 avqust 2011 13:10 (UTC +04:00)

Şahdəniz qazının ixracı üçün yollar axtarılır

Lent.az-ın ARDNŞ-in saytına istinadən verdiyi məlumata görə, “Şahdəniz” İxrac danışıqlarını həyata keçirən Qrupun lideri qismində, “Şahdəniz” qazının Avropaya nəqli üçün Avropa İttifaqının üç əsas perspektivli boru kəməri layihələri qruplarına təklif və məlumat sorğusu ilə müraciət edib. Bu boru kəməri layihələrinə «IGI Poseidon», Trans-Adriatik və «Nabucco» boru kəmərləri daxildir.


Müraciətdə layihələrin dəyərləndirilməsi və ixrac infrastrukturunun seçilməsi üçün boru kəməri layihələri şirkətlərindən tələb olunan məlumatları konsorsiuma təqdim etmələri istənilib. Təkliflərdə tarif məsələləri, eləcə də layihənin geniş aspektlərinə dair təfsilatlı məlumatlar olmalıdır. Sorğu oktyabr ayının 1-dək cavablandırılmalıdır.


“Şahdəniz” yatağının tammiqyaslı işlənilməsi – Azərbaycan qazının Avropaya və Türkiyəyə nəqli üçün nəzərdə tutulmuş nəhəng layihədir. Bu layihə çərçivəsində Cənub Dəhlizi vasitəsilə Avropa bazarlarına qaz təchizatının artırılması və enerji təchizatı mənbələrinin şaxələndirilməsi nəzərdə tutulub. Bu layihənin icrası ilə Şahdəniz Layihəsinin 1-ci mərhələsi çərçivəsində hasil olunan 9 mlrd. kubmetr qaz həcmindən əlavə, 16 mlrd. kubmetr qazın hasil olunması gözlənilir. Qeyd olunan layihə dünyanın ən iri qaz hasilatı layihələrindən biri hesab olunur və yeni Cənub Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinin əhəmiyyətli dərəcədə gücləndirilməsinə və qaz idxalı mənbələrinin şaxələndirilməsinə imkan yaradacaq.


Mövcud planlara əsasən, layihədə körpü ilə əlaqələndirilmiş iki yeni platformadan istifadə olunacaq, 2 yarımdalma qazma qurğusu vasitəsilə 26 sualtı quyu qazılacaq, 550 metr dərinlikdə 500 kilometr uzunluğunda sualtı boru kəməri inşa olunacaq, Cənubi Qafqaz Boru Kəmərinin ötürücülük qabiliyyəti 16 milyard kubmetrə çatdırılacaq, Tammiqyaslı İşlənmə və Cənubi Qafqaz Boru Kəməri üçün Səngəçal terminalında kompressorların gücü artırılacaq.


Həmçinin, “Şahdəniz” yatağının işlənməsi layihəsi çərçivəsində hasil olunacaq qaz həcmlərinin Gürcüstan-Türkiyə sərhədinə qədər nəql edilməsi də planlaşdırılır. Qazın Türkiyə ərazisindən Avropa bazarlarına nəqli isə Türkiyənin mövcud infrastrukturu və ya yeni boru kəməri infrastrukturu vasitəsilə həyata keçiriləcək.


Hazırda bütün variantların dəyərləndirilməsi üzərində iş gedir. Maraqlananlar ətraflı məlumat almaq üçün “Şahdəniz” layihəsinin operatoru olan BP şirkətinin Bakı ofisi ilə əlaqə saxlaya bilərlər (telefon: (+994 12) 437 75 73; faks: (+994 12) 437 74 42).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar