Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği təsdiqlənib.
Lent.az xəbər verir ki, bununla bağlı Tarif Şurasının sədri Mikayıl Cabbarov Qərar imzalayıb.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri çərçivəsində bölgənin sosial-iqtisadi inkişafının, turizm potensialının, daxili yol şəbəkəsinin şaxələndirilməsi və strateji əhəmiyyətli ərazilər arasında nəqliyyat əlaqəsinin genişləndirilməsi məqsədilə alternativ olaraq Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu salınıb.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçən hissəsinin tərkibinə aid olmaqla xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 1 aprel tarixli Qərarı ilə Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu ödənişli yol kimi müəyyən olunub.
Qanunvericiliyə əsasən, keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən ödənişsiz avtomobil yolu mövcud olduqda alternativ ödənişli avtomobil yolları yaradıla bilər və bu yoldan istifadə seçimdən asılıdır.
Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu alternativ yoldan 19,7 km qısa olmaqla, sürət həddi daha yüksəkdir. Məsafənin qısa və sürət həddinin yüksək olması isə istifadəçilərə vaxtla yanaşı, yanacağa qənaət etməyə imkan verəcəkdir.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını Hacıqabul-Horadiz-Ağbənd magistral avtomobil yolundan götürməklə Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını, başlanğıcını Hacıqabul-Mincivan magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu da Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.
Müvafiq yoldan istifadə üzrə gediş tariflərinin müəyyənləşdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tarif (qiymət) Şurasına müraciət edilib.
Yeni yaradılmış Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsi üzrə gediş tarifləri müəyyənləşdirilib.
Yeni ödənişli avtomobil yolu üzrə 1 km üçün gediş ödəniş məbləğləri ƏDV daxil:
Minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 8,6 qəpik (bütün yol üçün 6,99 manat),
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üzrə 10,6 qəpik (bütün yol üzrə təxminən 8,62 manat),
Avtobuslar üzrə 7,1 qəpik (bütün yol üçün 5,77 manat),
Qoşqulu və yarımqoşqulu, o cümlədən 3 və daha çox oxlu nəqliyyat vasitələri üzrə 17,7 qəpik (bütün yol üçün 14,39 manat) müəyyənləşdirilib.
Həmçinin avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gediş tarifi Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5,0 qəpik müəyyən olunub.