Daha çox “Şeron” qrupundakı çıxışı ilə tanınan müğənni Sənan Əliyev "Zaman" klipini təqdim edib. Lent.az xəbər verir ki, sözləri ifaçının özünə, musiqisi Uzik Abdul Cabbara məxsus olan mahnının klipini rejissor Emil Quliyev çəkib. Klipi mediaya təqdim edən müğənni sonra təəssüratlarını bölüşüb:
“Bir çoxlarına bəllidir ki, ifaçı kimi fəaliyyətə 2004-ci ildə “Azəri Star” yarışmasında başlamışam. Sonra bir neçə il “Şeron” qrupunda çıxış etdim. İndi isə solo karyera qurmağa qərar vermişəm. İndi də ilk addımımı “Zaman” adlı layihəmlə atıram. Klip çəkdirmişəm. Haqqında bəhs etdiyim klipdə +18, bir az da dəqiqləşdirsək erotik görüntüləri də yer alıb. Lakin bu klip iki hissəyə bölmüşük. Təbii ki, erotik görüntülər olan hissələr efirdə yayımlanmayacaq. Tam versiyası isə sosial şəbəkədə “Youtube” da yerləşdiriləcək. Düşünürəm ki, fərqli bir iş ərsəyə gəlib. Mən İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini bitirdiyimə görə klipdə yaxşı obraz canlandırdığımı düşünürəm”.
Qeyd edək ki, aparıcı Elnur Kərimovun idarə etdiyi təqdimata tanınmışlardan Roza Zərgərli, Elvin Abdullayev, Sevinc Musayeva, Aysel Əlizadə, prodüser Təranə Səmədova, idmançı Ceyhun Vəliyev və başqaları da qatılmışdı.