Avropa və Azərbaycan şəhərlərində sərçələrin sayı azalmağa davam edir. Tədqiqatçılar bildirirlər ki, bu quşlar tamamilə insandan asılıdır, lakin müasir şəhərlər artıq onlara əvvəl təmin olunan rahat həyat şəraitini vermir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, barədə Frankfurt Zoologiya Cəmiyyətinin eko-təhsil istiqamətinin əlaqələndiricisi, quş mütəxəssisi Anna Kuzyo danışıb.
Ev sərçəsi insanlarla o qədər uzun müddətdir yanaşı yaşayır ki, onun vəhşi təbiətdə mövcudluğu barədə heç bir yazılı məlumat qalmayıb. Bioloqlar hesab edirlər ki, sərçələr ilk əkinçi icmalar yarandığı vaxtdan insanların məskənlərinin yaxınlığında yaşamağa başlayıb və həyatlarını insan fəaliyyətinə tam şəkildə bağlayıblar.
“Keçmişdə yaşayış məntəqələrinin əksəriyyəti kənd idi və bu, sərçələr üçün ideal idi: insanlar kənd təsərrüfatı bitkiləri yetişdirir, mal-qara saxlayırdı, heyvanlar yemləndiyi üçün sərçələr üçün də daim qida olurdu”, - Anna bildirir.
Şəhərlərdə vəziyyət daha çətin olub, lakin sərçələrə atların varlığı kömək edib. Bu quşlar onların yanında yemlənib, peyindəki dənlərlə qidalanıb. Sənaye inqilabından sonra, atların yerini tamamilə maşınlar tutanda, şəhərlərdə sərçələrin sayı kəskin azalıb. Həmin dövrdə Qərbi Avropada bu quşun populyasiyasının azalması barədə ilk elmi hesabatlar yayılıb.
Zaman keçdikcə sərçələr avtomobillərlə dolu beton şəhərlərə uyğunlaşsalar da, Avropanın bir çox şəhərlərində onların sayı yenidən azalır. Alimlər bunu bir neçə səbəblə izah edirlər:
1. Müasir tullantı sistemi qida əldə etməyi çətinləşdirib
Qapalı tullantı qabları və bağlanmış paketlər sərçələrə yem qalıqları tapmağa imkan vermir. Göyərçinlərdən fərqli olaraq, sərçələr sərt qablaşdırmanı deşə bilmir.
2. Yuva yerlərinin olmaması
Sərçələr koloniya şəklində yaşayır və onlara oyuqlar, yarıqlar və ya çubuqlardan ibarət yığınlar lazımdır. Müasir binalar isə elə tikilir ki, sərçələr orada yuva qura bilmir.
3. Alçaq boylu bitkilərin yox olması
Sərçələr yerə yaxın uçur və kollar, alçaq bitkilər onların təbii şəhər ekosisteminin əsas hissəsidir. Ərazilər abadlaşdırıldıqda kollar kütləvi şəkildə təmizlənir, onların yerinə dekorativ ağaclar əkilir və sərçələr yaşayış mühitini itirir.