Sürmə tərzi və insanın sükan arxasındakı davranışı onun haqqında düşündüyünüzdən daha çox məlumat verir. Bir insanın maşın sürmə tərzi birbaşa onun daxili dünyasını və şəxsi xüsusiyyətlərini əks etdirir.
Lent.az xarici mediaya istinadla bildirir ki, mütəxəssisin sözlərinə görə, sükanı döndərməkdən tutmuş, yol tıxaclarına reaksiyaya qədər bütün davranışlar insan haqqında çox şey deyə bilər. Sürüş tərzi sürücünün nə qədər səbirli və ya impulsiv olduğunu, emosiyalarını nə dərəcədə idarə edə bildiyini və empatiya qabiliyyətinə malik olub-olmadığını göstərir.
Sürmə sosial qarşılıqlı əlaqə formasıdır
“Maşının sükanı arxasında oturduğunuz zaman daim digər insanlarla təmasdasınız hətta onlarla birbaşa danışmasanız belə”, - Melçer izah edir. O vurğulayır ki, avtomobili idarə etmək dözümlülüyü, stressə davamlılığı və impulsları cilovlama qabiliyyətini ölçən bir növ psixoloji sınaqdır.
Daimi zolaq dəyişmə impulsivliyin göstəricisi
Əgər sürücü davamlı olaraq zolaqlar arasında “şütüyür”, hamını keçməyə çalışırsa, bu, psixoloqun fikrincə, impulsivliyə və egoizmə meyli göstərir.
“Belə insanlar gözləməkdə çətinlik çəkirlər. Onlar nəticələri düşünmədən dərhal hərəkət etməyə üstünlük verirlər və hər zaman birinci olmağın lazım olmadığını qəbul etməkdə çətinlik çəkirlər”, - ekspert qeyd edir.
Bununla belə, Melçer əlavə edir ki, tələskənlik mədəniyyətinin normal hala çevrildiyi müasir dünyada bu cür davranışın yüngül formaları demək olar ki, hamıda müşahidə olunur.
Axına qoşulma tərzi xarakterin aynası
Sürücünün yol axınına necə daxil olması da xarakteri haqqında çox şey deyir. Əgər sürücü başqalarını buraxmırsa, bu, özünü üstün və xüsusi hesab etməsi ilə bağlı ola bilər. Əksinə, hamını ardıcıl buraxan insanlar çox vaxt həddindən artıq ehtiyatlı və ya başqalarına uyğunlaşmağa meyilli olurlar.
“Hər iki halda biz iki ifrat hal görürük ya üstünlük qazanmağa çalışmaq, ya da başqalarının razılığı üçün özündən imtina etmək”, - Melçer bildirir.
Tıxaclara reaksiyanız özünüidarə səviyyənizi göstərir
Yol tıxacına münasibət stressə davamlılığın ən yaxşı göstəricilərindən biridir. Əgər insan sakitcə musiqi və ya podkast dinləyirsə, deməli o, emosiyalarını idarə edə bilir və vəziyyəti nəzarətdə saxlayır. Lakin sükanı döymək, əsəbi siqnal vermək və səbəbsiz qəzəblənmək məyusluğa qarşı zəif dözümlülükdən xəbər verir.
“Sürmə tərzi insanın vəziyyət nəzarətdən çıxdıqda sakit qala bilib-bilmədiyini göstərir”, - Melçer qeyd edir.