Mələk Heydərova
22 fevral 2022 14:07 (UTC +04:00)

Mələk Heydərova

“Azadlıq geyimlə ölçülməməlidir” - Mələk Heydərova ilə MÜSAHİBƏ

Aparıcı, aktrisa və yazar Mələk Heydərovanın Lent.az-a müsahibəsi

– Necəsiniz, Mələk xanım?

– Yaxşıyam, hətta əlayam!

– Sizi necə təqdim edək: aparıcı, aktrisa, blogger, ya model?

– Boyumu və çəkimi nəzərə alsaq, bu kriteriyalar heç biri model olmağıma imkan vermir. Çoxlu foto çəkdirməyi sevirəm, tez-tez fotosesiyalar edirəm deyə, bu bir az çaşqınlıq yaradır.  Sosial şəbəkələr hələ yeni-yeni məşhurlaşan vaxt məndə sosial şəbəkələrdə öndə olmaq istəyi yaranırdı.  O şəkillər də ona görə çəkilirdi. İndi o həvəs ölüb və görürsünüz ki, daha şəkil də çəkdirmirəm. (Gülür) Digərləri ola bilər. 

– Onda tanınmağınızda sosial şəbəkələrin çox böyük rolu olub.

– Yox, deməzdim. Mənim tanınmağımda ən çox “Space” kanalının rolu olub. Orada bir layihəm vardı – Kişilər evdə olmayanda. Hətta indinin özündə belə görürəm ki, insanlar məni hələ də o verilişlə xatırlayır. “İnstagram” və digər sosial şəbəkələr isə sadəcə bir az köməkçi olub.

– Fotolarınızdan söz düşmüşkən, ümumiyyətlə, sizin fotosesiyalarınız həm də bir xeyli cəsarətli olur.

– Yəqin, mən daxilən cəsarətli insanam. Və bu da həyatımın gedişatına təsir edir. Eyni zamanda, dediyiniz fotosessiyalara da. 

– Bunu sizin gündəmə gəlmək istəyinizlə bağlaya bilərik?

– Onsuzda televiziyada olanlar cəsarətli adamlar olur və gündəmi təyin edirlər. Yəni istənilən məşhurluğun kökündə cəsarət var. Yoxsa hamı məşhur olardı. Efirdə, mediada olan adamların seçilmiş insanlar olduğunu düşünürəm. Bilirsiniz, mən istədiyimi eləməkdə çox qərarlıyam və onu edəndə artıq mənim beynimdə sual yaranmır. İstədim və etdim, vəssalam! Amma elə adamlar da var ki, nəyisə etmək istəyəndə tərəddüd edirlər, müəyyən bəhanələr tapırlar. Məndə belə bəhanələr olmur.

– Hazırda hansısa bir layihə üzərində işləyirsinizmi? Televiziya, yaxud sosial şəbəkə üçün.

– Yox. (Gülür) Belə izah edim ki, pandemiya ilə bağlı bir az ara verdim. Qayıdanda isə mediaya bir az fərqli istiqamətdə qayıtdım – piar və marketinqlə. Hətta deyim ki, bir jurnalist olaraq bu sahəni özümə çox yaxın bilirəm. Bizim işimiz onsuzda nəyisə tamaşaçıya təqdim etmək idi, indiki sahəmdə də bu eyni cürdür.

– Bu sahəyə yönəlməyinizə səbəb nə oldu ki?

– Hələ ki, televiziyalardan mənə istədiyim təkliflər olmur. Təkliflər var, gəlir, amma məni qane etmir. Bilirsiniz, insan müəyyən bir mərhələdən sonra tamamilə yeni, heç vaxt olmayan bir şey istəyir. Və təəssüf ki, tamamilə fərqli dediyimiz o şeyə hələ Azərbaycan hazır deyil.

– Məsələn, nəyə?

– Böyük yarışmalar, məsələn, “Survivor” kimi. Onu Azərbaycanda eləmək, hələ ki, mümkün deyil. Çünki onun kütləsi də bizdə yoxdur. Amma olacaq. Müəyyən mərhələlər var ki, biz onları keçməliyik. Bundan sonra dediyimiz böyük layihələr bizdə də olacaq.

Yaxud, istəyərdim ki, böyük bir siyasi layihəm olsun, siyasi bir arena yaradım. Və biz orada siyasətdən danışaq. Ciddi bir müzakirə olsun. 

– Siyasi bilginiz nə qədərdir ki?

– Siyasi bilgimi necə ölçmək olar, bilmirəm. (Gülür) Amma moderator ola bilərəm. Mən siyasətçi deyiləm ki, o qədər dərin bilgim olsun, amma moderatorluq üçün isə kifayət qədər bilgim var. Ən azından, gündəmi izləmək, analiz eləmək bacarığım var.

– Bax böyük layihələrdən danışırıq. Bu layihələr üçün böyük addımlar, böyük sərmayələr də olmalıdır. Mələk Heydərova imzası bunları qaldıra bilər?

– Tək mən olmayacam, təbii. Bu, bir komanda işi olacaq. Mən öz payıma düşən yükü qaldıra biləcəm, bundan əminəm. Heç bir layihə tək bir adamlıq olmur. Yəni o iş sistemli və komanda şəklində görülür. Rejissorlar, operatorlar, montajçılar, müxbirlər və s. Bəzən hansısa bir uğurlu layihəni bir aparıcının ayağına yazırıq ki, filankəs yaxşı aparıcıdır, o layihə ona görə uğurludur. Amma belə deyil axı. O layihənin üzdə görünməyən qəhrəmanları da var. Uğursuz olanda da həmçinin. Bəzən televiziya haqqında deyinirlər, ay o belədi, bu belədi, hər şey bərbaddır... Mən bu neqativ fikirlərlə razı deyiləm.

– Sizə elə gəlmirmi ki, televiziya haqqında çox ümidli danışırsınız...

– Niyə danışmayım? Bizim elə peşəkar televiziya adamlarımız var ki... İnanın var. Əsas məsələ bu adamları bir araya gətirməkdir. Mən buna inanıram. 

– Evliliklə bağlı bir xeyli neqativ fikirləriniz olub.

– Onda uşaq idim də... (Gülür)

– İndi fikirləriniz dəyişib?

– Mən azadlığın tərəfdarıyam.

– Evlilik azadlığı nə dərəcədə əldən alır ki?

– Əvvəl düşünürdüm ki, hə, alır. Amma zamanla anladım ki, öz azadlığına da önəm verən biri qarşıma çıxsa, hə, onunla evliliyə müsbət baxaram. Mən azadlığımın əlimdən alınmasından çox qorxuram. Bu çıxışlarımdan ondan qaynaqlanıb. Amma ümumilikdə evlilik insan həyatını çox dəyişdirir, çünki müəyyən şeyləri həyatında dəyişdirirsən.  İki insanın bir evdə yaşaması artıq yeni-yeni qayda-qanunlar deməkdir. Ona görə də artıq 32 yaşımda evliliyə müsbət baxıram. (Gülür) Amma dediyim kimi, azadlığımı əlimdən almamaq şərti ilə. Azadlıq geyimlə müqayisə olunmamalıdır. Azadlıq bir-birinin fikrinə, düşüncəsinə hörmət eləməkdir. Mən dediyim azadlıq digərinin seçiminə hörmətdir. Seçimimə hörmət etsin, bəsdir. Tutaq ki, mən televiziyanı sevirəm, bir il efirdə olum, 3 il olmayım, amma fakt bu işi sevirəm. Yanımdakı insan bu seçimlərə hörmət eləməlidir. 

– Bəs geyim?

– Geyim mənim üçün azadlıq məsələsində önəm kəsb eləmir. Deyərsə ki, bunu geyinmə, okey, geyinmərəm. Vallah, əgər geyimlə bütün problemlər düzələcəksə, onda hamımız dəyişək, eyni geyinək, qurtulaq bu bəladan. (Gülür) 

– Azərbaycan qadını anlayışı varmı? Varsa necə olmalıdır?

– Azərbaycan qadını, Türk qadını, rus qadını deyə bir şey yoxdur mənim üçün. Məncə, qadın necə olmaq istəyirsə, o cür də olmalıdır. Bunun üçün çalışmalıdır, səy göstərməlidir. Müəyyən əxlaqi normalar var, o qanunlar çərçivəsində insan necə istəyirsə, elə də olmalıdır. Mənim üçün qadın mövhumu var, o da istədiyi kimi ola bilər, bu onun haqqıdır.

– Bəs Azərbaycanda qadına verilən dəyər?

– Yüksəkdir. Sosial şəbəkələrin uydurduğu müəyyən şeylər var, bunların heç biri ilə zərrə qədər də razı deyiləm.  Mən də bir qadınam, mən də bu cəmiyyətin üzvüyəm. Mən əminliklə deyirəm ki, Azərbaycanda qadına kifayət qədər qiymət, dəyər verilir. İdeal cəmiyyət yoxdur, dünyanın harasına getsək, oradakı cəmiyyət haqda həm müsbət, həm də mənfi nələrsə eşidə bilərik, bu normal haldır. 10 milyonun hamısından mükəmməllik gözləmək olmaz. Düzdür, müəyyən mənada qadınların düşdüyü çətin vəziyyətlər var, amma bu problemlər dünyada da eyni cürdür. Mən bütövlükdə Azərbaycanda insanın insana verdiyi dəyərdən razıyam. 

– Çox pozitiv görürsünüz hər şeyi...

– Bilirsiniz, dünya inkişafa doğru gedir. O inkişafdan bizim geri qalmağımız real deyil. Elə gözəl gənclik gəlir, elə gözəl ideyalar gəlir. Bunlar məni sevindirir. Onların çoxbilmiş olmalarını qınayanların çoxu “facebook” düşüncəli adamlardır. Azərbaycanda, ümumiyyətlə, facebook bağlanmalıdır. (Gülür) Onları mən hətta təsəvvür edə bilirəm: divanda oturublar, yanlarında bir fincan çay və ancaq hər şeydən narazıdırlar, vəssalam. Səhv axtarmaqla kifayətlənmək, neqativ danışmaqla yetinmək doğru deyil. Yüz il qabaq da yüz il əvvəlki gənclik tənqid olunurdu, indi də. Bu da normaldır.

Hətta bəzən deyirlər e, internet ailələri dağıdır. Dəhşət! Onlar o tərəfini görür, mən isə deyirəm ki, internet ailələri birləşdirir. O qədər internetdə tanış olanlar, xoşbəxt olanlar, dost qazananlar var ki. Nə olar ki, bunun pozitiv tərəfini düşünək, nə olar ki, daha yaxşı tərəflərini də görək.

Bilirsiniz, məncə, tənqid edən insanların savaşı, əslində, özləri ilədir. Öz həyatları yolunda getmir, onu düzəldə bilmirlər və başlayırlar başqalarını tənqid eləməyə. Mən ümumiyyətlə həyatda ciddi uğur əldə etmiş bir insanın kiminsə həyatını müzakirə etdiyini görməmişəm.

– Sosial şəbəkələrdən pul qazanırsınız?

– Əvvəl qazanırdım. İndi yox. Həm də həvəsim yoxdur artıq. “Tiktok”dan bu dəqiqə qazananlar var. Mən onu da deyim ki, “Tiktok” çox ciddi platformadır. Sadəcə istifadə edə bilənlərə, yəni ona ciddi yanaşıb onu işə çevirə bilənlər üçün. Orada məşhurluq qazanmaq həm də yaradıcı olmaq deməkdir. “Tiktok”dan ciddilik gözləyənlər, vallah, mənə çatmır. “Tiktok” niyə ciddi kontent olmalıdır? Nəyə lazımdır axı? Fərqli-fərqli platformalar var ki, hər birinin kontenti də ayrıdır, hansını istəyirsənsə, özünü orada tap. Bu qədər sadə.

Bizdə ciddi kontent  deyəndə o saat siyasət, yaxud şeir nəzərdə tutulur. Amma, vallah, ciddilik deyəndə bu nəzərdə tutulmur. 

– Şeir demiş, ədəbiyyat oxuyursunuz?

– Oxuyurdum. İndi bir az uzaqlaşmışam. Düzünü deyim, yerli müasir ədəbiyyatdan məni cəlb edən yoxdur.

– Yaradıcılığı ilə tanış olmadan belə önyarğılı davranmaq nə dərəcədə doğrudur?

– İzah edim, birinci növbədə, problem mənim özümlə bağlıdır. Mən o yazarları sosial şəbəkədə izləyirəm, tanış oluram və onun hər hansısa bir əsərini oxuyanda görürəm ki, gördüklərimin təkrarıdır. Yəni statusda oxuduğum bir şeyi təzədən kitabda başqa formada niyə oxuyum ki?

– Amma o adam status da yazmalıdır ki, kütləyə özünü tanıtsın.

– Mən bu cür piarı qəbul edə bilmirəm.  Məsələn, bir veriliş olur, orada bir yazıçını tanıyıram, sabah-birisigün sosial şəbəkədə müəyyən fikirlərinə rast gəlirəm, ən nəhayət, açıb kitabını vərəqləyirəm, görürəm ki, yazdıqları özünün təkrarıdır. Bu da məni qətiyyən cəlb eləmir, maraqsız gəlir.

Mən kitab oxuyanam, sadəcə son zamanlar daha çox motivasiya və özünüinkişaf xarakterli kitablara yönəlmişəm. Bu kitabları davamlı oxusam, bilirəm ki, faydasını görərəm, amma edə bilmirəm. (Gülür)

– Bəs kitab yazmaq keçibmi ağlınızdan?

– Köşə yazılarımdan ibarət “Bizdə qadın” adlı kitabım var. Amma belə süjetli şəkildə, bəlkə, memuar yaza bilərəm. Nə bilim? Bilirsiniz, mən düşünürəm ki, yazdığım şey qüsursuz olmalıdır, yoxsa o məni qane eləməz. Yəni yazdığımı yaşamalıyam və yaşadığımı yazmalıyam və bunu maksimum şəkildə ciddi etməliyəm.

Və mən dünya ədəbiyyatını ona görə oxuyuram ki, onlar sonda məndə “voov” effekti verir, amma bizdə bu olmur. Təkrarçılıq, eyni mövzu, eyni yanaşma... Nə qədər olar axı? Oxuduqlarım var, Aysel Əlizadə, Cəlil Cavanşir. Köhnə nəsildən Elçin, Anar, yeri gəlmişkən, Anarın yaradıcılığı mənim üçün tamam başqa yerdədir.

Amma dediyim kimi yeni nəsə axtarıram. Yeni nəfəs nə olur, olsun, partlayış edib ortaya çıxacaq, məsələn, Harry Poter kimi.  Anam deyirdi ki, o vaxt Sabir Rüstəmxanlının bir kitabı var idi, onu qızlara cehiz kimi verirdilər. Yəni belə şeylər olub, görülüb, əgər o əsər maraqlıdırsa, partlayış edəcək. 

– Qısası, müasir yerli ədəbiyyat sizi qane eləmir.

– Başlığa çıxaracaqsınız, bilirəm. (Gülür) Amma, bəli, məni oxucu kimi qane etmir. Gah deyirlər ki, qiymət verilmir, satılmır və s. Sən yazıçısan, yaz, ölümündən sonra satılsın.

– Yazıçı nə ilə dolansın bəs?

– Yazan adam oturub yazmalıdır. Mənim düşüncəm budur. O dediyiniz problemlər məni oxucu kimi maraqlandırmır. Harry Poterin necə yazıldığını bilirsiniz.

– Demək, siz yazıçıdan tələb edirsiniz ki, maddi tərəfini düşünmədən yazsın. Yaxşı, sizi dəvət etsələr ki, siz yaxşı aparıcısınız, gəlin filan verilişi pulsuz aparın.

– O qədər olub ki. Dəfələrlə. Mənim iştirak etdiyim layihələrin əksəriyyətində pulsuz aparıcı olmuşam. Mən bunu etmişəm.

– Çox danışdıq bu haqda. Dəyişək istiqaməti. Mələk Heydərova feministdir?

– Normal insanam. (Gülür)

– Son illərdə feminizm ətrafında olanları, yəqin, izləyirsiniz.

– Bəli, izləyirəm, ümumiyyətlə, feminizm kişi düşməni olmaq demək deyil. Burada əsas məsələ hüquqlardır, onların tapdalanması məsələsidir. Ən əsası isə, mənim ən çox narahat olduğum gənc qızların erkən ərə verilməsidir. Bu ən böyük problemdir. Bunu qabartmaq normaldır. Amma başqa cür də maarifləndirici tədbirlər görülməlidir. Təkcə aksiyalar, çıxışlar həll yolu deyil. Bunları edərkən Azərbaycan mentalitetini də düşünmək lazımdır. Bu şəkildə sərt və aqressiya dolu çıxışlar effekt verməyəcək. Üstəlik, aksiyanı Bakıda etməyin mənası da yoxdur. Sən o çıxışları bölgələrimizdə etməlisən ki, effektiv olsun.  Adicə üç dənə ailə ilə söhbət eləmək, aydınlatmaq daha faydalı olar, nəinki aqressiv çıxışlar. 

– Təşəkkür edirəm müsahibə üçün.

– Mən də sizə təşəkkür edirəm, çox xoş oldu.

# 9069
avatar

Nihat Pir

Oxşar yazılar