Yorğunluq və halsızlıq çox vaxt adi yorğunluq kimi qəbul edilir, lakin bu, orqanizmdə maqnezium çatışmazlığının siqnalı ola bilər.
Qadınlarda maqnezium çatışmazlığı düşündüyündən daha tez-tez rast gəlinir.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, hormonal dəyişikliklər, stress və qidalanma xüsusiyyətləri səbəbindən orqanizm bu vacib mikroelementi kifayət qədər ala bilmir.
Dietoloqlar bildirirlər ki, reproduktiv yaşda olan qadınlarda maqnezium çatışmazlığına (hipomaqnezemiya) daha çox rast gəlinir. Bunun səbəbi hamiləlik, menstruasiya və digər hormonal dəyişikliklərin maqneziuma olan tələbatı artırması və orqanizmin bu mineralı mənimsəmə və tənzimləmə prosesinə təsir etməsidir.
Bura hormonal kontraseptivlərin istifadəsi, premenstrual sindrom, hormonal əvəzedici terapiya, osteoporoz, polikistik yumurtalıq sindromu və endometrioz daxildir.
Orqanizmdə maqnezium ehtiyatı həm qidalanmadan, həm də müəyyən fizioloji vəziyyətlər və xəstəliklərdən asılı olaraq dəyişir.
Hamiləlik dövründə qadınların gündəlik maqnezium tələbatı təxminən 310-320 milliqramdan 350-360 milliqrama qədər artır. Hormonal dalğalanmalar da orqanizmin maqneziumu mənimsəmə qabiliyyətinə təsir göstərə bilər.
Böyrək xəstəlikləri və diabet kimi xroniki xəstəliklər zamanla maqnezium ehtiyatlarını daha da azalda bilər. Mədə-bağırsaq pozğunluqları isə qida maddələrinin mənimsənilməsini pisləşdirir.
Çatışmazlığı necə müəyyən etmək olar?
Hətta maqnezium analizi versəniz belə, nəticə orqanizmdəki real maqnezium səviyyəsini tam əks etdirməyə bilər.
Çünki orqanizmdəki ümumi maqneziumun 1%-dən az hissəsi qan plazmasında olur. Ümumi maqnezium səviyyəsi azalsa belə, qan serumundakı göstəricilər normal qala bilər.
Maqnezium çatışmazlığının simptomlarına yorğunluq, halsızlıq, ürəkbulanma, iştahasızlıq və əzələ zəifliyi daxildir. Daha ağır hallarda isə əzələ spazmları, titrəmə, ümumi qıcolmalar və ürək ritm pozuntuları yarana bilər.